EN

Vaşinqton İsrailin Qətərə zərbəsindən narazıdır

AzVision.az xəbər verir ki, 3 amerikalı məmura istinad edən “Axios” nəşrinin məlumatına görə, şərqdən Fars körfəzinə doğru uçan İsrail təyyarələrini görən amerukalı hərbçilər Təl-Əvivdən izah istəyiblər. Lakin İsrail onlara məlumat verənə qədər raketlər artıq havada idi.

Bu xəbər Ağ Evi heyrətləndirib və Trampın bəzi yüksək vəzifəli müşavirlərini qəzəbləndirib. Çünki Birləşmiş Ştatlar HƏMAS-ın Amerika liderinin Qəzzaya dair yeni sülh təklifinə cavab verəcəyini gözlədiyi vaxtda bu hücum baş verib.

ABŞ prezidenti Donald Tramp, öz növbəsində, hadisədə iştirakı olmadığını, bu qərarı İsrailin baş naziri Binyamin Netanyahu tərəfindən qəbul edildiyini açıqlayıb.

“Suveren dövlət və ABŞ-nin yaxın müttəfiqi olan, sülh əldə etmək üçün Vaşinqtonla birlikdə çox çalışan, cəsarətlə riskə girən Qətərə zərbə nə İsrailin, nə də Amerikanın məqsədlərinə çatmasına imkan verir”,- Amerika lideri vurğulayıb.

Donald Tramp Qətərin əmiri və baş naziri ilə danışdığını və onları belə bir hadisənin bir daha təkrarlanmayacağına əmin etdiyini söyləyib. O, həmçinin ABŞ-nin Dövlət katibi Marko Rubioya Doha ilə müdafiə sazişini yekunlaşdırmağı tapşırıb.

Qətər rəsmiləri isə, öz növbəsində, İsrailin hücumun hazırlanmasında ABŞ ilə hərəkətlərini əlaqələndirmədiyini təsdiqləyib. Əmirliyin hökumət başçısı və Xarici İşlər nazirliyinin rəhbəri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Taninin sözlərinə görə, hücumdan cəmi on dəqiqə sonra Vaşinqton diplomatik kanallar vasitəsilə xəbərdar edilib.

Bundan əvvəl “Al Jazeera” telekanalının yaydığı məlumata görə, Əl Tani Qətərin İsrailin zərbələrinə cavab vermək hüququnu özündə saxladığını deyib.

- Qətər öz suverenliyinin pozulmasına heç cür dözməyəcək. İsrailin zərbələrinə cavab vermək və gələcək hücumların qarşısını almaq üçün hərtərəfli yanaşma nümayiş etdirəcək”,- Əl Tani vurğulayıb.

İsrail Qətərdə HƏMAS-ın rəhbərliyini bombalayıb| VİDEO
O, həmçinin qeyd edib ki, Qətər diplomat Məhəmməd bin Əbdüləziz əl-Hulaifinin başçılığı ilə İsrailin zərbələrinə cavab olaraq qanuni tədbirlər görəcək komanda formalaşdırır. Doha artıq dost ölkələrlə əlaqə saxlayıb və tezliklə İsrailin hücumuna cavab tədbirləri elan edəcək.

“Netanyahu iddia edir ki, o, regionda sabitlik axtarır, əslində isə narsist xülyaları ilə öz mənfəəti üçün çalışır. Dövlətlərin suverenliyini ağılsızcasına pozmağa yönəlmiş hərəkətlərə göz yummaq olmaz və bütün vasitələrlə buna qarşı mübarizə aparmaq lazımdır. Bu gün biz elə bir dönüş nöqtəsinə çatmışıq ki, bütün region belə barbar davranışlara qarşı çıxmalıdır”,- Qətərin baş naziri və XİN rəhbəri deyib.

Onun sözlərinə görə, Binyamin Netanyahu beynəlxalq hüququ pozaraq, bütün regionu dönməz vəziyyətə sürükləyir və sülhə nail olmaq üçün bütün səyləri puça çıxarır. Atəşkəs danışıqlarında iştirak edən bir ölkədə danışıqlar iştirakçılarına sui-qəsd cəhdi qeyri-etik və xəyanətdir. İsrailin Dohaya zərbələrini isə ancaq“dövlət terrorçuluğu”kimi qiymətləndirmək olar.

Xatırladaq ki, dünən İsrailin Hərbi Hava qüvvələri Qətərin paytaxtı Dohada HƏMAS-ın yüksək səviyyəli rəhbərliyinə qarşı məqsədyönlü hücum həyata keçirib.

Sahil İsgəndərov
AzVision.az
Chosen
26
azvision.az

1Sources