EN

Süni intellekt seysmik tədqiqata qoşulub

Xalq qazeti saytına istinadən ain.az xəbər verir.

Azərbaycan şirkəti ABŞ-da bu mövzuda təqdimat keçirib

Azərbaycanın ilk özəl enerji qurumu olan “GL Group” şirkəti süni intellektdən istifadə etməklə seysmik məlumatların emal texnologiyasını bölgənin quruda yerləşən neft-qaz yataqlarında tətbiq edib. Bu sahədə ilk sayılan layihənin nəticələri ABŞ-ın Hyuston şəhərində keçirilən Tətbiqi Geologiya və Enerji üzrə Beynəlxalq Toplantıda (IMAGE 2025) təqdim olunub.

Xatırladaq ki, “IMAGE 2025” dünyada geologiya və mühəndislik sahəsində keçirilən ən böyük illik forumudur. Tədbir Kəşfiyyatçı Geofiziklər Cəmiyyəti, Amerika Neftçi Geoloqları Assosiasiyası və Çöküntü Geologiyası Cəmiyyəti tərəfindən təşkil olunur. Bu il konfrans 7 min 800-dən çox iştirakçını, 1100-dən artıq texniki təqdimatı, təxminən 260 sərgi iştirakçısını və 93 ölkədən nümayəndələri bir araya gətirib. Dünya üzrə bir çox şirkətlər arasından “GL Group”a süni intellektin neft-qaz yataqlarında seysmik məlumatların emalında tətbiqi sahəsində öz təcrübəsini təqdim etmək imkanı verilib.

“GL Group”un yataqların idarə edilməsi üzrə qrup direktoru Kənan Əliyev və şirkətin petrofiziki Leyla İsmayılova layihə barədə məlumat veriblər. Mütəxəssislər Salyan rayonunda “GL Group”un afilə şirkəti olan “Salyan Oil Limited” tərəfindən istismar olunan “Kürsəngi” və “Qarabağlı” yataqlarında aparılan işlərdə süni intellektin tətbiqi ilə əldə olunan yeni imkanları nümayiş etdiriblər. “GL Group”un “IMAGE 2025”-də iştirakı yataqların tədqiqi və istismarı sahəsində davam edən işlərin texniki poster sessiyasını da əhatə edib.

Təqdimat mərasimində şirkətin qrup direktoru Kənan Əliyev bildirib: “Seysmik proseslərə süni intellektin inteqrasiyası uzun müddətdir tam öyrənilmiş ehtimal olunan yataqlarda yeni potensial imkanları üzə çıxarmağımıza səbəb olub. Bu, artıq istismar olunan yataqların səmərəli idarə olunması istiqamətində mühüm addımdır”. 

Layihə seysmik tədqiqatda süni intellektin tətbiqinə ixtisaslaşmış “Waverity” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Qabaqcıl alqoritmlər mövcud məlumatların daha dəqiq şərhinə imkan yaradıb və ənənəvi üsullarla aşkar olunmayan, daha dərində yerləşən və qazılmamış zonaları müəyyən edib. 

“Əldə olunan nəticələr qabaqcıl texnologiyaların və rəqəmsal həllərin fəaliyyətimizə inteqrasiyası üzrə strategiyamızı tam dəstəkləyir. Bu məqsədlə “GL Group” ən müasir texnologiyalardan yararlanır, innovativ yanaşmalar tətbiq edir, peşəkar mütəxəssisləri və ən təcrübəli ekspertləri öz komandasına cəlb edir”, - deyə “GL Group”un baş icraçı direktoru və məşvərət şurasının sədri Asif Zeynalov bildirib.

Qeyd edək ki, “GL Group” Azərbaycanın Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” də daxil olmaqla beş neft və qaz yatağında əməliyyatlar aparır. Şirkətlər qrupunun portfelinə “Salyan Oil Limited” və “Taghiyev Operating Company” əməliyyat şirkətləri, eləcə də neft-qaz sənayesində texniki xidmətlər göstərən “GL Technical Services” şirkəti daxildir. “GL Group” 2024-cü ildə ilk beynəlxalq layihəsinə imza ataraq Türkiyənin Trakya hövzəsində yüksək perspektivli qaz yatağında 100 faiz pay sahibi olan Kanadanın “Gazelle Energy Limited” şirkətinin 25 faiz payını satın alıb. 

XQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
10
11
xalqqazeti.az

10Sources