EN

"Apple"dan inqilabi YENİLİK: "AirPods Pro 3" SATIŞA ÇIXARILDI - VİDEO

"Apple" üç ildən sonra ilk dəfə olaraq "AirPods Pro" seriyasına böyük yenilik gətirdi və "AirPods Pro 3" modelini təqdim etdi.

Musavat.com xəbər verir ki, şirkət bu dəfə qulaqlıqlara ürək döyüntüsünü ölçən yeni sensor, təkmilləşdirilmiş aktiv səsboğucu sistem (ANC) və canlı tərcümə funksiyası əlavə edib.

Sifarişlər 249 dollardan sentyabrın 19-dan qəbul ediləcək.

"AirPods Pro 3"də səs keyfiyyəti də yüksəldilib. Belə ki, daha geniş səs diapazonu və gücləndirilmiş səsboğucu texnologiya təklif olunur. "Apple" bildirir ki, yeni model “dünyanın ən yaxşı ANC sistemi” ilə təchiz edilib. Xüsusi qulaqcıq ucluqları sayəsində əvvəlki nəsil ilə müqayisədə səsboğucu təsir iki dəfə artırılıb.

Ən böyük yeniliklərdən biri ürək döyüntüsü sensorudur. "Apple"ın ən kiçik PPG (fotopletismoqrafiya) sensoru sayılan bu texnologiya saniyədə 256 dəfə infraqırmızı işıq şüaları buraxaraq qan axınındakı işıq udulmasını ölçür.

Sensor qulaqlıqdakı akselerometr, giroskop və GPS ilə birlikdə "iPhone"un süni intellekt modeli vasitəsilə nəbz, yandırılan kalori və aktivlik səviyyəsini izləyə bilir. Hətta Fitness tətbiqində "Workout Buddy" adlı yeni funksiya ilə məşqlərin tarixi və nəticələri də qeydə alınır.

"AirPods Pro 3" həm də canlı tərcümə funksiyası ilə fərqlənir. Aktiv səsboğucu sistem səsləri avtomatik azaldır və qulaqcıq seçdiyiniz dildə tərcüməni sizə dinlədir. "Apple" bildirir ki “Live Translation funksiyası istifadəçilərə başqa dildə danışanları anlamağa və rahat ünsiyyət qurmağa imkan verir”. Əlavə olaraq, "iPhone" üfüqi vəziyyətdə saxlanıldıqda danışılan mətn digər şəxsin dilində ekranda yazılı şəkildə də əks olunur.

"Apple" yeni modelin qulağa daha rahat oturması üçün 10 mindən çox 3D qulaq formasını təhlil edib və dizaynı daha kiçikləşdirib. Artıq beş fərqli ölçüdə qulaqcıq ucluqları mövcuddur. Həmçinin "AirPods Pro 3" suya və tərlə qarşı daha dayanıqlı olub – IP57 standartına uyğun sertifikat alıb.

"AirPods Pro 3" ilə yanaşı, bu payız "iOS 26" versiyası ilə "AirPods" qulaqlıqlarına da əlavə imkanlar gələcək. Məsələn, "AirPods" artıq kamera tətbiqi üçün uzaqdan idarəetmə funksiyasına sahib olacaq. "AirPods 4" və "AirPods Pro 2" isə studiya keyfiyyətli səs dəstəyi qazanacaq. "Apple" həmçinin zəng keyfiyyətini yaxşılaşdırıb, qulaqlıqların yüklənməsi ilə bağlı bildirişlər və yuxuya gedərkən musiqinin avtomatik dayanması funksiyasını da əlavə edib.

Qeyd edək ki, "Apple" sonuncu dəfə "AirPods Pro" seriyasını üç il əvvəl yeniləyib. 2023-cü ildə isə "AirPods Pro 2" modelinə tozdan qorunma və USB-C şarj qutusu əlavə edilib.

Musavat.com

Chosen
26
musavat.com

1Sources