EN

Moskva və Tehran niyə narahatdır?

Avqustun 8-də Vaşinqtonda imzalanmış Azərbaycan–Ermənistan sülh sazişi Cənubi Qafqazda qüvvələr balansını dəyişib. Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Ağ Evdə sənədə imza atması Moskva və Tehranda ciddi narazılıq yaradıb.

Turkustan.az xəbər verir ki, bu barədə ABŞ-nin nüfuzlu "The National Interest" nəşri yazıb.

Məqalədə qeyd olunur ki, ABŞ regionda əsas vasitəçiyə çevrilib, Rusiya və İran isə prosesdən sıxışdırılıb. Moskva Qərbi sülh prosesini “öz maraqlarına uyğunlaşdırmaq cəhdi”ndə günahlandırıb. Ermənistanda isə Rusiya hərbi bazasının bağlanması ilə bağlı tələblər güclənib.

Tehranın narahatlığı isə əsasən “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlanan Zəngəzur dəhlizi layihəsi ilə bağlıdır. ABŞ-a 99 illik inkişaf hüququ verilən layihə İranın regiondakı təsirini zəiflədə, habelə sanksiyaları dolanmaq imkanlarını məhdudlaşdıra bilər.

Bundan əlavə, razılaşma Türkiyə və İsrailin bölgədəki mövqelərini möhkəmləndirib. ABŞ nəşri yazır ki, müqavilənin əleyhdarları, o cümlədən ABŞ-dakı erməni diaspor təşkilatı faktiki olaraq Moskva və Tehranın arqumentlərini təkrar edir.

"The National Interest" nəticə çıxarır ki, imzalanan sülh bəyannaməsi ABŞ-ın Cənubi Qafqazda nüfuzunu artırmaqla yanaşı, Rusiyanın və İranın nisbi zəifliyini də ortaya qoyub./Modern.az/

Chosen
9
2
turkustan.az

3Sources