EN

Azərbaycan iqtisadiyyatının qlobal təqdimatı

Çində təşkil edilən “CIFIT 2025” sərgisində ölkəmizin investisiya və biznes potensialı təşviq edilib

Çinin Fucien əyalətinin Siamen şəhərində keçiriləm 25-ci Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi (“CIFIT 2025”) Azərbaycan üçün əlamətdar olub. Çinin Kommersiya Nazirliyinin və Fucien əyalət hökumətinin ev sahibliyi ilə keçirilən sərgi ölkəmizin investisiya imkanlarının təqdimatı və çoxtərəfli əməkdaşlığının təşviqi baxımından vacib beynəlxalq platforma rolunu oynayıb. İqtisadiyyat Nazirliyinin və  Azərbaycanın Çindəki ticarət nümayəndəsi Aparatı və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) tərəfindən təşkil olunan “Invest in Azerbaijan” vahid ölkə stendində ölkəmizin makroiqtisadi göstəriciləri, biznes mühiti, investisiya imkanları nümayiş olunub.  Stendi ziyarət edən iştirakçılara  və biznes icmasına ölkəmizdə biznes mühiti barədə ətraflı məlumat verilib. Stenddə Ələt Azad İqtisadi Zonasında, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında və Naxçıvan Muxtar Respublikasında investorlara təklif olunan imtiyazlar, ölkəmizin nəqliyyat-tranzit potensialı, turizm perspektivləri təqdim olunur ki, bu da Azərbaycanın regional logistika və nəqliyyat qovşağının mərkəzi kimi strateji potensialı barədə dərin təsəvvürlər yaradır. “Invest in Azerbaijan” ekspozisiya bölməsində ziyarətçilərə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA), Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Dövlət Neft Fondunun (DNF) fəaliyyət istiqamətləri barədə məlumatlar, vizual və çap materialları da  təqdim olunur. Bununla yanaşı, stenddə “Made in Azerbaijan” məhsullarının nümayiş etdirildiyi “Azərbaycan Ticarət Ev”ləri guşəsi maraqla qarşılanıb.

Çin-Azərbaycan İkitərəfli İnvestisiya Təşviqi

Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin sərgi çərçivəsində  keçirdiyi görüşlər faydalı müzakirələrlə  və mühüm anlaşmalarla yadda qalıb. Bildirilib ki, investisiya qanunvericiliyi təkmilləşdirilir və xarici investorlara münasibət müsbət istiqamətdə dəyişir. Bu amillər dünyanın bir çox şirkətləri kimi, Çin şirkətləri üçün də Azərbaycanın investisiya bazarını cəlbedici edir. Çin şirkətləri Azərbaycanın əlverişli coğrafi mövqeyi, sabit iqtisadi mühiti və geniş potensialı sayəsində ölkəmizə böyük maraq göstərir. Energetika, nəqliyyat, tikinti və informasiya texnologiyaları kimi sahələrdə Çin investisiyaları Azərbaycan iqtisadiyyatının diversifikasiyası və dayanıqlı inkişafına əhəmiyyətli töhfə verir.

Beynəlxalq sərgi çərçivəsində Çin-Azərbaycan İkitərəfli İnvestisiya Təşviqi tədbirinin keçirilməsi isə iki dövlət arasında strateji tərəfdaşlığın və yaxın dostluğun nümunəsi hesab edilə bilər. AZPROMO və Azərbaycanın Çindəki ticarət nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, energetika, nəqliyyat-logistika, kənd təsərrüfatı, İKT və digər sahələrdə fəaliyyət göstərən 100-dək iş adamı qatılıb. Tədbirdə çıxış edən Şahin Mustafayev bildirib ki, iki ölkə arasında münasibətlər yeni mərhələyə qədəm qoyub və ölkələrimiz arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması ticarət və investisiya əməkdaşlığına güclü təkan verib. Azərbaycan Cənubi Qafqaz regionunda Çinin etibarlı tərəfdaşıdır. Bu ilin yanvar-iyul aylarında Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 2,5 milyard dollara çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 26 faiz çoxdur.

Orta Dəhliz nəhəng əməkdaşlıq habı formalaşdırır

Son dövrlər investisiya tərəfdaşlığının dərinləşdirilməsi istiqamətində göstərilən ikitərəfli səylər nəticəsində Çin şirkətləri ilə sənaye, yaşıl enerji, nəqliyyat, rəqəmsal iqtisadiyyat, yüksək texnologiyalar və başqa sahələrdə birgə layihələr həyata keçirilir, yaradılmış infrastruktur Çin və Azərbaycan arasında ticarət, sərmayə əlaqələrinin daha da genişlənməsi üçün əlverişli imkanlar açır. Çin sənaye istehsalı, bərpaolunan enerji, kənd təsərrüfatı və İKT sahələrində birgə təşəbbüslərdə fəallığını artırır. Nəqliyyat-logistika sahəsində əlaqələrdə dinamizm ən yüksək səviyyəyə çatıb və bu müsbət tendensiyanın davamlılığı ölkələrimizin “Bir kəmər, bir yol” təşəbbüsündə fəal və birgə iştirakını təmin etməkdədir. 2025-ci ilin 7 ayı ərzində Çindən 225 blok qatar qəbul olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2 dəfə çoxdur. İlin sonuna qədər isə 400-dən çox blok qatarının qəbul ediləcəyi gözlənilir.  Həmçinin, cari ilin əvvəlindən Pekin və Çinin Şanşi, Quanqdun və Çjetszyan vilayətlərindən Azərbaycan üzərindən tranzit şəkildə Avropaya Orta Dəhliz üzərindən Çin-Avropa qatarları uğurla göndərilib.

Çin regional əlaqələrin genişləndirilməsində, regional iqtisadi inkişafın təşviqində və qlobal istehsal, təchizat zəncirinin sabitliyinin təmin edilməsində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz ) roluna böyük əhəmiyyət verir.  Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə edilən razılaşma Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqənin yaradılmasına və Zəngəzur dəhlizinin Orta Dəhlizin və Şimal-Cənub dəhlizinin əhəmiyyətli seqmentinə çevrilməsi sayəsində regionda nəhəng əməkdaşlıq habının formalaşmasına səbəb olacaq.

Suveren investisiya fondları arasında əməkdaşlıq

Çinin kommersiya nazirinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Lin Cinin sözlərinə görə, Çin şirkətlərinin Azərbaycanla ticarət, logistika  sahəsində birgə əməkdaşlığı region ölkələri üçün nümunədir. Həmsədr tərəflərin sənaye və “yaşıl enerji” sahələrində sıx əməkdaşlıq etdiyini xatırladıb. Mingəçevirdə Azərbaycanın ən böyük elektrik stansiyası olan “8 Noyabr”ın təchizatında iştirak edən Çin şirkətləri hazırda 240 MVt gücündə Xızı-Abşeron Külək Elektrik Stansiyasının tikintisi layihəsini uğurla həyata keçirir. Yaxın vaxtlarda isə 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyasının tikintisinə start veriləcək. Bu, Azərbaycanda hərrac nəticəsində həyata keçirilən və Çinin sərmayə qoyduğu ilk bərpaolunan enerji layihəsi hesab edilir. İki tərəfin səyləri nəticəsində yaxın gələcəkdə Azərbaycanda elektrik avtobuslarının istehsalı müəssisəsi işə salınacaq. Çin şirkətlərinin azad edilmiş bölgələrdə günəş və külək enerjisi potensialının üzə çıxarılması və tədarükündə, eyni zamanda, qabaqcıl və ağıllı texnologiyaların tətbiqində də iştirakı birgə investisiya  platformasının uğurlarından  hesab edilir. Tədbir çərçivəsində keçirilən panel sessiyada Azərbaycan İnvestisiya Holdinqi, İqtisadi Zonaların İnkişafı Agentliyi, Çinin Horqos İqtisadi İnkişaf Zonası və hər iki ölkənin sənaye və İKT kimi sahələrində fəaliyyət göstərən şirkət nümayəndələri ikitərəfli işgüzar təmasların gücləndirilməsinə dair fikirlərini bölüşüb, təkliflərini irəli sürüblər.

Tədbir çərçivəsində Dövlət Neft Fondu il “China Energy İnternational” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu iki ölkənin suveren investisiya fondları arasında institusional əməkdaşlığın inkişafı baxımından mühüm mərhələ olub. Bu sənəd, bilik və təcrübə mübadiləsi, ortaq dəyərlərə əsaslanan dayanıqlı sərmayə modellərinin qurulması və qarşılıqlı faydalı investisiya təşəbbüslərinin təşviqi üçün strateji çərçivə formalaşdırmaqla Çin-Azərbaycan tərəfdaşlığının möhkəmləndirilməsinə töhfə verəcək.

Beləliklə, sentyabrın 11-dək davam edəcək nüfuzlu “CIFIT 2025” sərgisi Azərbaycanın investisiya və ticarət imkanlarını tanıtmaq, Çin bazarında mövqelərimizi gücləndirmək və yeni tərəfdaşlıqlar qurmaq üçün yeni fürsətlər yaradır. Azərbaycan məhsullarının daha geniş təqdimatına və ixrac imkanlarının genişləndirilməsinə xidmət edir.

E.CƏFƏRLİ

Chosen
29
1
yeniazerbaycan.com

2Sources