EN

Azərbaycanda bu il neçə faiz inflyasiya olub?

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6,6 %, qeyri-qida məhsulları üzrə 2,6 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 6,9 % artıb.

Xezerxeber.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin avqust ayında istehlak qiymətləri 2024-cü ilin avqust ayına nisbətən 4,9 %, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,6 %, qeyri-qida məhsulları üzrə 2,1 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 4,9 % artıb.

Avqust ayında istehlak qiymətləri əvvəlki aya nisbətən 0,4 %, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,6 % artıb.

Ay ərzində qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri 0,3 %, il ərzində - 6,6 % artıb.

Avqust ayında ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma mal və qoyun ətinin, südün, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, bananın, albalının, əriyin, qarpızın, ağ kələmin, göyərtinin, xiyarın, göy lobyanın, yerkökünün, sarımsağın, şokolad məmulatlarının, ucuzlaşma isə limonun, almanın, armudun, yemişin, üzümün, gül kələminin, brokkolinin, pomidorun, şirin bibərin, badımcanın, süfrə çuğundurunun, soğanın, kartofun qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bu ilin avqust ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,1 %, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,6 % artıb.  Ötən ay qeyri-qida məhsullarından bahalaşma şəxsi gigiyena və zərgərlik məmulatlarının, ucuzlaşma isə yay geyimlərinin qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ay əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri 0,6 %, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,9 % artıb. Avqustda əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən geyimlərin kimyəvi təmizlənməsinin, beynəlxalq telefon danışıqlarının, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, restoran və kafelər tərəfindən göstərilən iaşə xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Chosen
14
14
xezerxeber.az

10Sources