EN

"Dinamo"nun məşqçisi: Futbolçularımız Azərbaycan millisinin qapısına ikinci qolu vura biləcəklərinə inanmırdılar

BAKI, 10 sentyabr. TELEQRAF

"Qələbə qazanmamağımız çox pis oldu. Oyunun özü, düzülüş seçimi və taktika elə qurulmuşdu ki, buna uğursuzluqdan başqa heç nə demək olmaz".

Teleqraf xəbər verir ki, bunu Kiyevin "Dinamo" klubunun məşqçisi Artyom Yaşkin Ukrayna millisinin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığması ilə 1:1 hesablı heç-heçə etdikləri oyunu "Sport.ua" saytına şərh edərkən deyib.

50 yaşlı veteran futbolçu Azərbaycan millisinin meydanın mərkəzində çoxluq təşkil etdiyini bildirib: "Azərbaycan komandası beş futbolçu ilə müdafiə olunurdu, biz isə dörd mərkəz yarımmüdafiəçisini meydana çıxarıb, ortadan keçməyə çalışdıq. Orada o qədər azərbaycanlı futbolçu var idi ki, nəfəs almaq belə çətin idi. İlk hissədə əsasən sol cinahdan istifadə edib, sağda oynayan Yefim Konoplyanı unutduq. Fasilədən sonra sağ cinahdan oynamağa başladıq, sanki komanda baş məşqçidən ehtiyat edib, onun gözündən uzaq cinahdan oynayırdı. Genişlik, sürətli hücumlar, top itiriləndə əks həmlə də yox idi".

O, Ukrayna yığmasının topa 75% sahib olmasının heç bir xeyir vermədiyini əlavə edib: "Onlar rəqibin cərimə meydançasına yaxınlaşır və topu itirirdilər, baxmayaraq ki, bu zonada daha sürətli hərəkət etmək lazımdır. Komandanın hücum xəttində aqressiya çatışmırdı. Yalnız Aleksandr Zubkov bir dəfə normal oynaya bildi və sonda komandamız qol vurdu".

Yaşkin ukraynalı futbolçuların qol vurduqdan sonra arxayınlaşdığını vurğulayıb: "Çox müdafiə olunan, qol buraxan komandanın psixoloji durumu sıfıra enir. Güclü komandalar belə hallarda tempi daha da artırır, Ukrayna komandası isə geri çəkilərək topu sadəcə özündə saxlamağa çalışdı. Belə çıxır ki, futbolçular ikinci qolu vura biləcəklərinə inanmırdılar, xüsusən də Azərbaycan millisinin qapısına. Mən bunu başa düşə bilmirəm".

Qeyd edək ki, Artyom Yaşkin Ukrayna millisinin sabiq futbolçusudur. O, yığmanın heyətində 8 oyunda forma geyinib.

Chosen
11
teleqraf.com

1Sources