2025-27-ci illərdə dörd, 2027-30-cu illərdə doqquz, 2030-40-cı illərdə isə 13 su anbarının tikintisinin tamamlanması planlaşdırılır.
Axar.az xəbər verir ki, bu fikirləri Oxu.az-a açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) nümayəndəsi Tural Ağarzayev deyib.
O bildirib ki, gələcəkdə ehtiyac yaranarsa, Həkəri çayı üzərindən Abşeron yarımadasına və Bakı şəhərinə də su ötürmək imkanları reallaşdırıla bilər:
"2025-27-ci illər ərzində tikintisinin tamamlanması planlaşdırılan su anbarlarından ikisi Bərgüşad və Həkəri olacaq.
Məlumat üçün bildirim ki, Həkəriçay su anbarı bəndinin yerləşmə oxunun Həkəriçay üzərində, Laçın şəhərindən bir neçə kilometr şimal-qərbdə yaradılması nəzərdə tutulur. Ümumi su tutumu 100 milyon m³ nəzərdə tutulan su anbarı bəndinin hündürlüyü 92 m, bənd qaşının uzunluğu isə 282 m təşkil edəcək. Su anbarı vasitəsilə işğaldan azad olunmuş Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam rayonları, eləcə də Bakı şəhəri ilə birlikdə 1.5 milyon nəfər əhalinin içməli su ilə təmin edilməsi nəzərdə tutulur.
Həkəriçay su anbarından qidalanan magistral boru kəməri üzərində ümumi gücü 19.15 MVt olan üç ədəd SES qurğusu nəzərdə tutulur".
"Bərgüşadçay su anbarının bəndinin isə Bərgüşad çayı üzərində, Qubadlı rayonunun Bəxtiyarlı kəndi yaxınlığında inşa edilməsi nəzərdə tutulur. Ümumi su tutumu 70.5 milyon m³ olan anbarın bəndinin hündürlüyü 60 m, bənd qaşının uzunluğu isə 540 m təşkil edəcək. Layihəyə əsasən, su anbarı vasitəsilə Qubadlı rayonunun 12 min hektar ərazisi suvarma suyu ilə təmin olunacaq. Eyni zamanda, uzunluğu 61.5 km olan magistral boru kəməri vasitəsilə Qız Qalası hidroqovşağından su götürən magistral kanalın qidalandırılması üçün saniyədə 12 m³ suyun verilməsi planlaşdırılır.
Bundan başqa, Bərgüşadçay su anbarından qidalanan magistral su kəməri üzərində ümumi gücü 36 MVt olan üç ədəd su elektrik stansiyasının (SES) qurulması da nəzərdə tutulur", - T.Ağarzayev əlavə edib.