EN

Santuş getdi, Abbasov gəldi: Milliyə 1 xal qazandıran sirr

Sentyabrın 9-da Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ukrayna yığmasını qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyunda hesab 1:1 olub. Portuqaliyalı baş məşqçi Fernandu Santuşla yollar ayrıldıqdan sonra ilk dəfə meydanda xal qazanılması və komandanın mübarizəsi sevinclə qarşılanıb. Milli komandamızı Ukrayna ilə oyuna baş məşqçi Ayxan Abbasov çıxarıb. O, oyundan sonra açıqlamasında bildirib ki, milli komanda bu görüşdə xarakter göstərib. Məşqçinin sözlərinə görə, uduza da bilərdik, lakin futbolçuların əzmi sayəsində qarşılaşma bərabərliklə bitib. O, həmçinin vurğulayıb ki, milliyə ruh və sistem lazımdır.

Dünənki oyun və Ayxan Abbasovun fikirlərinə münasibət bildirən idman jurnalisti Anar Xanlarov News24.az-a açıqlamasında deyib ki, uzun müddətdən sonra milli komandada xarakter gördük:

“Futbolçular döyüşdülər, sözün əsl mənasında 1 xal üçün mübarizə apardılar. Konkret desək, milli ruh nümayiş olundu. Təbii ki, burada Ayxan Abbasov amili xüsusi rol oynadı”.

O əlavə edib ki, illərdir milli komandada yerli məşqçinin çalışmasının vacibliyi qeyd olunur: “Dəfələrlə demişik ki, əcnəbi məşqçidən bizə fayda gəlməyəcək. Çünki futbolumuzun və futbolçularımızın hazırkı səviyyəsini nəzərə alsaq, ətək-ətək pul töküb əcnəbi məşqçi gətirməyə ehtiyac yoxdur”.

Anar Xanlarovun fikrincə, özümüzdə işini bacaran, savadlı məşqçilər var və onlara güvənmək lazımdır:

“Ayxan Abbasov da bu cür məşqçilərdəndir. O, 2 günə sehirli çubuqdan istifadə etmədi, sadəcə eyni futbolçularla Ukraynadan xal aldı. Nəyin hesabına? Əvvəldə qeyd etdiyim xarakterin və əzmkarlığın hesabına. Bunu kim formalaşdırdı? Ayxan Abbasov. Yerli məşqçi faktoru budur. Düşünürəm ki, bundan sonra da Ayxanla yola davam edilməli, ona şans verilməlidir”.

Xeyrənsə Piriyeva

Chosen
58
news24.az

1Sources