EN

Natiq Miri: Dünyanın yenidən iki qütbdən idarə olunacağını düşünmürəm...

Hər kəsin çoxqütblü yeni dünya nizamından bəhs etdiyi bir halda, bir tərəfdə ABŞ-nin, digər tərfdə isə Çinin lider olduğu ikiqütblü dünya nizamının yaranması müşahidə olunur...

Politoloq: “Müasir dünyada artıq qlobal güclərin əhatə dairəsi anlayışı mövcud deyil”.

“Çin bu gün öz gücünü artıra bilər, amma bu o demək deyil ki, Çin gələcəkdə fövqəldövlət olaraq xüsusi statusa sahib olacaq. ABŞ belə bu statusunu itirəcək və Tramp bu prosesi çox sürətləndirməkdədir”.

Bu sözləri politoloq Natiq Miri Çinin artıq ikinci qlobal qütbə çevrilməsi iddiasını Poliqon-a şərh edərkən qeyd edib.

Çində baş tutan ŞƏT sammitindən və Pekindəki hərbi paraddan sonra Qərb analitikləri narahatlıqlarını ifadə edərək, Çinin artıq ikinci qlobal qütbə çevrildiyini vurğulayırlar.

Hər kəsin çoxqütblü yeni dünya nizamından bəhs etdiyi bir halda, bir tərəfdə ABŞ-nin, digər tərfdə isə Çinin lider olduğu ikiqütblü dünya nizamının yaranmasına ehtimal vermək olar və belə bir nizam indikindən ədalətli ola bilərmi?

Mövzunu Poliqon-nun əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “ABŞ-nin də nüvə mərkəzi olduğu bir çox siyasi, iqtisadi və hərbi təşkilatlar var. Bu təşkilatlar da artıq dağılmağa doğru gedir. Onlardan biri də NATO olacaq və düşünürəm ki, bu hərbi ittifaq öz geosiyasi əhəmiyyətini artıq itirir”.

Bu gün Hindistan, yəni dünyada əhalisi çox olan bir ölkə, eyni zamanda Braziliya, eyni zamanda getdikcə çox sürətlə qlobal aktora çevrilən qardaş Türkiyə kimi iddialı ölkələrin ortaya çıxdığını xatırladan politoloq əlavə edib ki, bu ölkələr heç bir dövlətin, istər Çinin, istər ABŞ-nin orbitində fırlanmağa razı deyillər:

“Müasir dünyada artıq qlobal güclərin əhatə dairəsi anlayışı mövcud deyil. Bilirsiniz ki, ikincisi dünya müharibəsindən sonra qalib dövlətlər arasında belə bir qeyri-rəsmi anlaşma var idi və hər kəsin özünün əhatə dairəsi bəlli idi. SSRİ dövləti dönəmin və ondan sonra onun varisi olan Rusiya da hər zaman postsovet məkanını və bəzi geosiyasi maraqları olan coğrafiyaları özünün əhatə dairəsi adlandırırdı. Bu gün Rusiyanın bu əhatə dairəsinə yenidən sahib çıxmaq istəklərini biz görürük.

Ancaq belə anlayış artıq geridə qalıb. Dünyanın yenidən şəkilləndiyi bir dövrdə əvvələr SSRİABŞ arasında olduğu kimi, indi də Çin və ABŞ-nin liderliyində ikiqütbülü dünyanın mövcud olacağını düşünmək yersizdir. Ən azından təcrübə, Azərbaycan kimi balaca dövlət uzun müddət Bayden administrasiyasına yönəlik açıq şəkildə dirəniş göstərə bildi. Həmin vaxtlar ABŞ-yə səfərlər, yaxud da Azərbaycan rəsmilərinin ABŞ-yə səfərləri arzuolunmaz adlandırılmışdı. Bu günün özündə də Azərbaycan Rusiya kimi bir gücün qarşında öz haqlarını müdafiə etmək üçün açıq şəkildə siyasi iradə ortaya qoyur. Bu da onu göstərir ki, artıq “orta güc” sahibləri öz iradələrini ortaya qoyurlar və bu iradə sonucda yeni bir dünya düzəninin formalaşmasında xüsusi rol oynayacaq.

Artıq özlərini fövqəldövlət olaraq görən ölkələrin Türkiyə, Braziliya, Pakistan, Hindistan, Səudiyyə Ərəbistanı kimi “orta güc” sahib olan onlarla digər dövlətin iradəsinə qalib gəlmək imkanında deyillər. Ona görə də Çin bu gün öz gücünü artıra bilər, amma bu o demək deyil ki, Çin gələcəkdə fövqəldövlət olaraq xüsusi statusa sahib olacaq. ABŞ belə bu statusunu itirəcək və Tramp bu prosesi çox sürətləndirməkdədir.

Bu gün ABŞ-dan narazı olan qüvvələr var ki, onlar da açıq şəkildə öz etirazlarını bildirirlər. Buna görə də, indiki mövcud dünyada artıq yenə də iki dövlət arasında dünyanın bölüşdürülməsi kimi prinsiplərin işləyəcəyini mən qətiyyən düşünmürəm. Artıq bu təfəkkür geridə qaldı. Düşünürəm ki, söhbət yalnız çox qütbülü dünyada bərabər haqqlara sahib olan yeni nizam qurulacaq və bu nizam dövlətlərin bərabər hüquqlu səviyyədə əməkdaşlığını təmin edəcək. Yəni, bu bir məcburiyyətdir.

Natiq Miri: “undan sonra Qərb və Şərq, o cümlədən Şimal və Cənub blokıarında dağılmalar sürətlə davam edəcək və yeni regional müdafiə sistemləri ortaya çıxacaq. Bu qaçınılmazdır”.

Baxın, bu gün BRİKS, Şanxay Əməkdaşlıq Təşkilatı kimi qruplaşmalar var ki, bu təşkilatların nüvəsi nə Rusiya, nə də Çin deyil. Bütün proseslər, məsələlər bərabər hüquqlu səviyyədə həll olunur. Yəni, əvvəliki qaydada, SSRİ-nin və Rusiyanın indiki dönəmində yaratdığı bütün təşkilatlarının nüvəsində Rusiya dururdu və durur. Digər ölkələr onun orbitində fırlanan ölkələr idi. Ancaq indi yaranan qlobal təşkilatlar konkret ciddi bir ideyaya malik olmasalar da, əslində hansısa dövlətin yeganə hegemon güc mərkəzi olduğu və digərlərinin onun orbitində fırlandığı hadisələri biz müşahidə etmişik.

ABŞ-nin də nüvə mərkəzi olduğu bir çox siyasi, iqtisadi və hərbi təşkilatlar var. Bu təşkilatlar da artıq dağılmağa doğru gedir. Onlardan biri də NATO olacaq və düşünürəm ki, bu hərbi ittifaq öz geosiyasi əhəmiyyətini artıq itirir. Artıq Avropa da anlayır ki, ona ABŞ-dən asılı olmayan bir müdafiə sistemi lazımdır. ABŞ isə açıq şəkildə bildirir ki, onlarla digər ölkənin müdafiə xərclərini çəkmək artıq onları bezdirib. Bunu artıq bir reallıq kimi qəbul etməliyik.

Düşünürəm ki, bundan sonra Qərb və Şərq, o cümlədən Şimal və Cənub blokıarında dağılmalar sürətlə davam edəcək və yeni regional müdafiə sistemləri ortaya çıxacaq. Bu qaçınılmazdır. Bu gün Hindistan, yəni dünyada əhalisi çox olan bir ölkə, eyni zamanda Braziliya, eyni zamanda getdikcə çox sürətlə qlobal aktora çevrilən qardaş Türkiyə kimi iddialı ölkələr ortaya çıxır. Bu ölkələr heç bir dövlətin, istər Çinin, istər ABŞ-nin orbitində fırlanmağa razı deyillər. Açıq şəkildə özlərinin maraqlarını müdafiə edirlər, iddialarını ortaya qoyurlar.

Buna görə də, mən kimin nə deməyindən asılı olmayaraq, dünyanın yenidən sadəcə yerlər dəyişərək ikiqütbülü dünyaya çevriləcəyini düşünmürəm”.

Nərminə UMUDLU
Poliqon.info

Chosen
16
poliqon.info

1Sources