EN

DİN-dən əməliyyat - Qumar şəbəkəsi çökdürüldü - 13 milyon manat...

Kiberpolisin qumar mafiyasına qarşı keçirdiyi ən böyük əməliyyatlardan birinin istintaqı tamamlanıb.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, araşdırma nəticəsində dəstə üzvlərinin hamısının Ağcabədinin Hacıbədəlli kənd sakinləri olduqları müəyyənləşib.

Onların 20 milyon manatlıq sərvətə yiyələndiyi üzə çıxıb.

Dəstəyə 26 yaşlı Elmidar İsmayılzadə başçılıq edib. Onunla birgə atası Eldəniz və qardaşı Elvin İsmayılzadə, həmçinin daha 8 nəfər - Elmin Quliyev, İntiqam Rüstəmov, Şəmil və Zamiq Məhərrəmlilər, Elnur Nağıyev, Nemət Qurbanov, Cavid Əsədov və Bəxtiyar Tağıyev cinayət məsuliyyətinə cəlb olunub. Onlardan yalnız biri istintaq müddətində azadlıqdadır.

Bu qumar şəbəkəsi Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla çökdürülüb. İstintaq materiallarına görə, şəbəkə internet üzərindən təşkil etdiyi qumar oyunlarından 5 il ərzində 13 milyon manata yaxın gəlir əldə edib. Həmin pullar cinayətdən xəbərsiz şəxslərin adına alınan minlərlə bank kartı vasitəsilə leqallaşdırılıb.

Cinayət yolu ilə əldə edilən gəlir hesabına dəstə üzvləri əsasən yaxınlarının adına milyonluq əmlaklar rəsmiləşdiriblər. Cinayət işində ən diqqətçəkən hissə də həmin əmlakların siyahısıdır.

Faktiki olaraq dəstə başçısı Elmidar İsmayılzadə və atası ilə qardaşına məxsus olan əmlakların ümumi dəyəri 20 milyon manatdan artıqdır:

- Ağcabədinin Hacıbədəlli kəndində 129, 89029 hektar torpaq sahəsi - Orta bazar dəyəri 17 milyon 859 min manat;

- "Range Rover", "Lexus LX 570", "Mersedes Benz G63", "Kia", "Ford Mustang minik", "Kia Forte" markalı avtomobillər - Orta bazar dəyəri 1 milyon 300 min manat;

- Bakının mərkəzində onlarla mənzil - Orta bazar dəyəri 1 milyon 500 min manatdan artıq;

- Paytaxt və Ağcabədi rayonunda bağ evləri - Orta bazar dəyəri 1 milyon 300 min manatdan artıq;

- Obyektlər - orta bazar dəyəri 1 milyon 500 min manata yaxın.

Bunlardan əlavə, siyahıya dəyəri dəqiqləşdirilməmiş mülklər də daxildir.

İşdə adı keçən əsas fiqur Elmidar İsmayılovun vəkili Orxan Zeynalov deyib ki, istintaq materialları artıq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşi Hüseyn Hüseynlinin sədrlik etdiyi hakimlər araşdıracaq. Müdafiə tərəfi hesab edir ki, onların təqdim etdikləri sübutlar işin gedişatını dəyişə bilər. Əks halda ittihamlar təsdiqlənərsə, dəstə üzvlərini 10 ildən çox həbs cəzası gözləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
18
27
olaylar.az

10Sources