EN

İranlı analitik: “Azərbaycan bölgənin əsas oyuçusuna çevrilir”

“Azərbaycanın geosiyasi mövqeyi və artan tranzit potensialı region ölkələri üçün həm imkan, həm də “təhlükə mənbəyinə” çevrilə bilər”.

Tribunainfo.az bildirir ki, bu iddia ilə iranlı analitik Hoda Rezqin çıxış edib.

Onun sözlərinə görə, ABŞ-nin Cənubi Qafqaz, Mərkəzi Asiya və Xəzər dənizi üzərindən Qərb bazarlarına çıxış strategiyasında Bakı mərkəzi rol oynayır. “Azərbaycanın ərazisindən keçən beynəlxalq dəhlizlər hazırkı geosiyasi balansı sarsıtmaq gücünə malikdir. Xüsusilə, Zəngəzur dəhlizinin işə düşməsi Azərbaycanın regional və qlobal güclərin toqquşduğu yeni geoiqtisadi məkana çevrilməsinə səbəb ola bilər”.

Rezqin deyib ki, Zəngəzur dəhlizi Bakı üçün imkanlar yaratsa da, eyni zamanda qonşu ölkələr – xüsusilə Ermənistan və İran üçün ciddi strateji narahatlıqlara səbəb olur. “Cənubi Qafqaz uzun illərdir geosiyasi gərginliyin episentri olaraq qalır. Rusiya tarixən burada dominant güc kimi çıxış edib. Lakin son illərdə ABŞ, Çin, İran və Avropa İttifaqı da regionda öz maraqlarını daha aktiv şəkildə göstərməyə başlayıb”.

O qeyd edib ki, Azərbaycan balanslaşdırılmış xarici siyasət yürütməyə çalışır. “Həm Türkiyə və Mərkəzi Asiya ölkələri ilə dərin əlaqələr saxlayır, həm də Qərb dövlətləri ilə əməkdaşlığını möhkəmləndirir”.

İranlı analitik hesab edir ki, ABŞ Ermənistanın suverenliyi altında 99 illik icarə ilə Azərbaycan ərazisindən keçəcək dəhlizi idarə etmək niyyətindədir. “Bu, bölgədə qüvvələr balansını dəyişə və İranın geosiyasi mövqeyini zəiflədə bilər”.

O daha sonra bildirib ki, Ermənistan və Azərbaycan arasında bağlanan son sülh razılaşması və Ermənistan–Türkiyə sərhədinin açılması, Yaxın Şərqdən Avropaya alternativ marşrutların formalaşması baxımından da əhəmiyyətlidir. “Bu, Rusiya və İranın regiondakı təsir imkanlarını məhdudlaşdırır”.

Rezqin sonda Azərbaycanı “potensial təhlükəli güc” adlandırıb. “Hazırda Azərbaycan regionda balanslaşdırıcı, lakin potensial təhlükəli gücdür. ABŞ-ın dəstəklədiyi nəqliyyat və enerji layihələrinin həyata keçməsi Azərbaycanı Cənubi Qafqazda əsas oyunçulardan birinə çevirə bilər. Lakin bu proses regionda yeni geosiyasi qarşıdurmalara da yol aça bilər”.

Fərda Uğur

Chosen
25
1
tribunainfo.az

2Sources