EN

Silahlı şəxs hüquqşünası atəş açaraq öldürüb- Bu ölkədə...

Ajans.az BBC-ə istinadən xəbər verir ki,hadisə çərşənbə axşamı axşam saatlarında, iş adamlarının sıx olduğu bölgədə – Lang'ata-Magadi yol qovşağı yaxınlığında, Karen məhəlləsindəki məşhur ticarət mərkəzinin yaxınlığında baş verib. Şahidlər bir neçə atəş səsi eşitdiklərini bildiriblər. Silahlı şəxs Mbobunun avtomobilinə yaxınlaşaraq atəş açıb, nəticədə hüquqşünas hadisə yerində həyatını itirib. İctimaiyyətin dəhşətlə izlədiyi videoda vəkilin qan içində, sükan arxasında cansız bədəni və avtomobilin sındırılmış şüşəsi əks olunub. Kenya Hüquq Cəmiyyəti (LSK) hadisəni “iyrənc qətl” adlandıraraq, cinayətin “əvvəlcədən planlaşdırılmış sui-qəsd” əlamətləri daşıdığını vurğulayıb. Cəmiyyətin prezidenti Faith Odhiambo bildirib: “Çox tez-tez vəkillər peşə fəaliyyətlərinə görə hədəfə alınır. Biz bu cinayətin dərhal və qəti şəkildə araşdırılmasını tələb edirik.” Kenya Senatının spikeri Amason Kingi isə mərhum vəkili “görkəmli hüquqşünas, nüfuzlu hüquq alimi və dövlətə sadiq qulluqçu” kimi xarakterizə edib və onun “soyuqqanlı şəkildə qətlə yetirilməsinin” ölkədə geniş rezonansa səbəb olduğunu bildirib. Metyu Kyalo Mbobu uzun illər Nayrobi Universitetində hüquq müəllimi kimi fəaliyyət göstərib və hüquqi tədqiqatları ilə tanınıb. O, eyni zamanda Siyasi Partiyaların Mübahisələri Tribunalının (PPDT) və Biznes İcarəsi Binaları Tribunalının (BPRT) sədri kimi mühüm hüquqi strukturlara rəhbərlik edib. Onun rəhbərlik etdiyi tribunal bir çox siyasi və kommersiya xarakterli mübahisələrin həllində mühüm rol oynayıb. Cinayət Axtarışları İdarəsi (DCI) hadisə ilə bağlı araşdırmalara başladığını bildirib və ictimaiyyəti sakitliyə və istintaqa dəstəyə çağırıb: “Biz cənab Mbobu və onun ailəsinin layiq olduğu ədaləti təmin etmək üçün əlimizdən gələni edəcəyik.” Hazırda qətli törədən şəxsin kimliyi və motivləri açıqlanmayıb. Mbobunun ölüm xəbəri sosial şəbəkələrdə sürətlə yayılıb, vətəndaşlar və həmkarları onun qətlini dərin kədər və narahatlıqla qarşılayıblar.

 

Chosen
69
Ajans.az

1Sources