İsrailin Qətərin paytaxtı Dohaya hava hücumu bütün dünyada ciddi rezonans doğurub. Məlumata görə, hücum zamanı HƏMAS nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampın atəşkəslə bağlı təkliflərini müzakirə etmək üçün Dohada toplanıb.
Hadisə xüsusilə Türkiyədə ciddi narazılıq və narahatlıqla qarşılanıb. Sosial şəbəkələrdə və analitik dairələrdə səsləndirilən fikirlər arasında “növbəti hədəf Ankara ola bilərmi?” sualı xüsusilə diqqət çəkir. İsrailli jurnalist Meir Masrinin sosial mediada paylaşdığı “Dohaya hücum edən, Ankaraya da edə bilər” fikri bu ehtimalları daha da aktuallaşdırıb.
Rəsmi Ankara İsrailin növbəti hədəfinə çevrilə bilərmi?
Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, İsrailin Qətərə hücumu HƏMAS-la aparılan danışıqları pozmaq məqsədi daşıyırdı:
“Təl-Əvivin əsas hədəfi təşkilatın liderlərini sıradan çıxarmaq idi. Dohada keçirilən görüşə HƏMAS-ın qərarverici şəxsləri qatılıb və nəticədə onların zərərsizləşdirilməsi üçün fürsət yaranıb. Aydın şəkildə görünür ki, İsrailin Baş naziri Benyamin Netanyahu hakimiyyətinin məqsədi qruplaşma ilə dialoq qurmaq və razılığa gəlmək deyil. Əksinə, o, təşkilatın əsas liderlərini fiziki olaraq zərərsizləşdirib, ardınca atılacaq addımlarla HƏMAS-ı tamamilə sıradan çıxarmaq və fələstinlilərin Qəzzadan köçürülməsi fonunda bölgədə kütləvi yəhudi yaşayış məskənləri yaratmaq istəyir.
Zeynal Əmrəliyev
Növbəti hədəfin Türkiyə olacağı ehtimalı isə inandırıcı görünmür. Türkiyə Qətər deyil. Belə bir hücum baş verərsə, Yaxın Şərqdə gərginlik pik həddə çatar. Türkiyə-İsrail qarşıdurması Təl-Əvivin maraqlarına uyğun gəlmir. Qətərə hücum konkret olaraq HƏMAS liderlərinə qarşı yönəlmişdi.
ABŞ-dan da bu hücuma kifayət qədər sərt reaksiya bildirildi. Əgər proses eyni xətt üzrə davam edər və Qərbin dəstəyi getdikcə zəifləyərsə, Netanyahu öz beynəlxalq dayaqlarını tamamilə itirə bilər. Hazırda İsrailin koalisiya hökumətində ciddi fikir ayrılıqları və çaxnaşmalar yaşanır. Hökumətdə istefalar baş verir, deputat sayı azalmaqdadır. Hələlik müxalifət hökumətin devrilməsi ilə bağlı təşəbbüs irəli sürməyib. Lakin bu, baş verərsə, İsraildə hakimiyyət dəyişikliyi qaçılmaz olacaq”.