EN

AQEM-in sessiyasının Bakıda keçirilməsi ölkəmizin təmsil olunduğu platformalardan uğurla faydalandığının göstəricisidir RƏY

Bakı, 10 sentyabr, AZƏRTAC

Azərbaycanın qlobal və regional tədbirlər diplomatiyası yumşaq güc siyasəti olaraq adlandırıla bilər. Bununla Azərbaycan həm qlobal gündəlikdə yer alan həssas məsələlərə diqqət ayırmaqla dünya ölkələrinin etimadını qazanır, həm də öz xarici siyasət prioritetlərini dünyaya təlqin edir. Bu, olduqca uğurlu yanaşma olmaqla, nəticə etibarilə milli maraqlarımızın təmin olunmasına xidmət edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə söyləyib.

O bildirib ki, son bir ildə keçirilən tədbirlərə nəzər saldıqda, xüsusilə 2024-cü ilin noyabrında ölkəmizdə təşkil olunmuş COP29 və Qoşulmama Hərəkatı çərçivəsində baş tutan görüşlər xüsusi önəm kəsb edir. Bu tədbirlər vasitəsilə Azərbaycan Qlobal Cənubun çağırışlarını beynəlxalq gündəmə çıxararaq, Asiya, Afrika və Latın Amerikası kimi müxtəlif regionlarda iqlim dəyişikliyi, müstəmləkəçilik və iqtisadi-siyasi böhranlarla üzləşən toplumlar üçün ümid platforması yaradıb. Bununla yanaşı, beynəlxalq idman yarışlarının keçirilməsi də ölkəmizin imicinə mühüm töhfə verir. Təkcə 2024-cü ildə Azərbaycan 79 beynəlxalq idman tədbirinə ev sahibliyi edib. Eyni zamanda, ölkəmizin geosiyasi orientasiyasını nümayiş etdirən tədbirlər də diqqətəlayiqdir. 2024-cü ilin iyulunda Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Bunun ardınca 2024-cü ilin oktyabrında TDT-nin rəsmi Zirvə görüşü, 2025-ci ilin iyulunda isə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə toplantısının Xankəndidə təşkil olunması planlaşdırılır.

“Xüsusilə işğaldan azad olunmuş torpaqlarda beynəlxalq tədbirlərin təşkili şanlı Qələbəmizin nəticələrinin dünyada qəbuluna xidmət edir. Bu tədbirlərdə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər gələcək siyasi istiqamətlərin müəyyənləşdirilməsində mühüm rol oynayır. Təsadüfi deyil ki, İƏT Sammitində Prezident İlham Əliyevin Donald Trampla bağlı müsbət fikirləri qarşı tərəfdə Azərbaycan liderinə olan etimadı daha da artırıb. Nəticədə bu siyasi qarşılıqlı anlayış Vaşinqtonda Üçtərəfli Bəyanatın imzalanmasına, sülhün paraflanmasına və ABŞ tərəfindən Qələbəmizin tanınmasına gətirib çıxararaq ölkəmiz üçün yeni perspektivlər açıb. Deməli, bu cür beynəlxalq tədbirlərin mahiyyəti olduqca böyükdür.

Bu baxımdan beyin mərkəzlərinin konfransları, media forumları da tədbirlər diplomatiyasının mühüm tərkib hissəsi sayılır. Qlobal Bakı forumlarına əlavə olaraq, artıq işğaldan azad edilmiş Şuşada və Xankəndidə Qlobal Media Forumu təşkil olunub. Azərbaycanın aparıcı beyin mərkəzlərinin təşəbbüsü ilə keçirilən beynəlxalq forumlar və konfranslar isə dəyişən dünya düzənində ölkəmizin mövqelərini daha da gücləndirməyə xidmət edir”, - deyə Ş.Cəlilzadə vurğulayıb.

O əlavə edib ki, AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin) Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsi isə ölkəmizin təmsil olunduğu platformalardan uğurla faydalandığının və eyni zamanda, bu platformaların inkişafına töhfə verə bildiyinin göstəricisidir. Belə ki, ölkəmiz son bir ildə Çinlə münasibətləri getdikcə dərinləşdirir və 2024-cü il iyulun 3-də isə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” imzalanıb. Dövlətimizin başçısı bir neçə dəfə Çinin liderlik etdiyi Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Toplantılarına fəxri qonaq kimi dəvət olunub. Ölkəmiz 2015-ci ildən bəri “ŞƏT ilə dialoq ortağı”, son Tiencin Zirvəsindən sonra isə “ŞƏT-in tərəfdaşı” olub. Beləliklə, Asiya ilə dərinləşən strateji münasibətlər fonunda bu coğrafiyanı əhatə edən beyin mərkəzlərinin toplantısının keçirilməsi əməkdaşlığın yeni perspektivlərinin formalaşdırılmasına töhfə verərək ideya bankının yaradılmasına xidmət etmiş olacaq. Azərbaycan Prezidentinin tədbirə ünvanladığı müraciətdə vurğulandığı kimi, beyin mərkəzləri həqiqətən də dövlət siyasətinin formalaşdırılmasına, siyasi qərarlarının qəbuluna mühüm töhfə verməkdədir.

Chosen
38
1
azertag.az

2Sources