EN

Vaşinqton razılaşmaları Azərbaycanın yaratdığı reallıqların beynəlxalq müstəvidə təsdiqidir

Respublikamızın siyasi həyatında yalnız son ayların deyil, bütövlükdə 2025-ci ilin ən mühüm hadisəsi baş verdi. Bu, Prezident İlham Əliyevin avqustun 7-8-də ABŞ-yə etdiyi səfərdir. Çünki ABŞ Prezidenti Donald Trampın dəvəti ilə reallaşan bu səfər zamanı həm Azərbaycan-ABŞ münasibətlərində müsbətə doğru dönüşün yaradılması, həm də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində imzalanan sənədlər, əldə olunan razılaşmalar ölkəmizin siyasi-diplomatik nailiyyətinə çevrildi.

Ümumiyyətlə, Vaşinqton razılaşmaları müasir tariximizin ən mühüm siyasi hadisələrindən biri kimi nəzərdən keçirilir. Bu razılaşmalar Azərbaycan dövlətçiliyinin, Prezident İlham Əliyevin qətiyyətli diplomatiyasının və müdrik liderliyinin təntənəsini ifadə edir.

Cənab Prezident İlham Əliyevin iradəsi, ardıcıl və prinsipial siyasəti nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etməklə yanaşı, həm də regionda yeni reallıqlar yaradıb. Vaşinqtonda imzalanan razılaşmalar isə bu reallıqların beynəlxalq müstəvidə təsdiqidir.

Bu uğurun əsasında möhtərəm Prezident İlham Əliyevin müdrik liderliyi, xalqımızın qətiyyəti və dövlətimizin prinsipial siyasəti dayanır. Azərbaycan bu gün regionda yalnız qalib dövlət kimi deyil, həm də sülhün qurucusu, əməkdaşlığın təminatçısı və təşəbbüskarı kimi qəbul edilir.

Vaşinqton razılaşmalarının ən mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinə açılan yoldur. Beynəlxalq müstəvidə artıq yeni bir anlayış formalaşıb – Trump Route for International Peace and Prosperity, yəni TRİPP. Bu ad təsadüfi seçilməyib. Çünki söhbət təkcə bir yol xəttindən getmir, söhbət sülhün, sabitliyin və tərəqqinin beynəlxalq rəmzindən gedir.

Bu dəhliz Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirərək,  ölkəmizin bu bölgəsi ilə maneəsiz quru bağlantısını təmin edəcək və bütövlükdə regionu yeni iqtisadi xəritəyə çıxaracaq. Eyni zamanda bu dəhliz təkcə Azərbaycan üçün deyil, həm də Asiyadan Avropaya uzanan qlobal ticarət və nəqliyyat arteriyası olacaq. Onun vasitəsilə biz yalnız malların deyil, həm də mədəniyyətlərin, biliklərin, texnologiyaların axışına şərait yaradacağıq.

 TRİPP layihəsinin reallaşması həm də geosiyasi mənzərəni dəyişir. ABŞ-nin vasitəçiliyi ilə əldə edilən razılaşmaya əsasən, bu yol üzərində beynəlxalq hüquqa uyğun, kommersiya əsaslı əməkdaşlıq formalaşacaq. Eyni zamanda, bu yol Azərbaycanın regionda strateji üstünlüyünü daha da artırır, ölkəmizi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində əvəzolunmaz tranzit qovşağına çevirir.

Bütövlükdə, Vaşinqtonda əldə olunan bütün razılaşmalar bir daha göstərdi ki, Azərbaycan təkcə güclü dövlət deyil, həm də sülh və əməkdaşlıq təşəbbüslərinin aparıcı mərkəzidir. Müharibədən qalib çıxmış, milli haqqını döyüş yolu ilə təmin etmiş ölkəmiz həm də regionun sabitlik, əməkdaşlıq və inkişaf ünvanıdır.

Azərbaycanın sülh gündəliyi artıq beynəlxalq bir nümunəyə çevrilib. Bu baxımdan Vaşinqtonda əldə olunan razılaşmaları sadəcə diplomatik nailiyyət kimi yox, gələcək nəsillərə bəxş edilən sabitlik zəmanəti kimi qiymətləndirməliyik.

Bu gün hər birimizin borcu Prezident İlham Əliyevin müəyyən etdiyi və qətiyyətlə həyata keçirdiyi siyasi kurs ətrafında daha sıx səfərbər olmaq, xalqımızın sülh və tərəqqi arzularının təmin olunmasında töhfələrimizi əsirgəməməkdir.

Müşfiq Məmmədli,

Milli Məclsin deputatı

Chosen
2
1
ikisahil.az

2Sources