1-ci Liqa təmsilçisi "Difai"nin hücumçusu Kristian Kamtanın İraqın "Al-Karh" komandasına keçidinin alınmadığını xəbər vermişdik. Kamerunlu forvard geri - Ağsu klubunun düşərgəsinə qayıtmağa qərar verib. Ötən gecə Azərbaycana bilet aldığı bildirilən 21 yaşlı futbolçunun "Difai"yə qoşulub-qoşulmadığını öyrənmək üçün komandanın baş məşqçisi Hüseynqulu Quliyevlə əlaqə saxladıq.
Onun Fanat.Az-a dedikləri belə oldu:
"Açığı, hücumçunun dönüb-dönmədiyindən məlumatsızam. U-19 ilə Sloveniyada təlim-məşq toplanışında idik. "Slovenia Nations Cup" turnirindən dönürük. Hazırda İstanbuldayam, bir azdan Bakıya uçacağıq. Qayıdandan sonra futbolçunun məsələsi ilə maraqlanacağam".
"Fədailər"i ötən aydan çalışdırmağa başlayan Hüseynqulu Quliyev həm də U-19 millisinin baş məşqçisi Elxan Abdullayevin köməkçisidir.
Xatırladaq ki, "Difai" ötən mövsüm 1-ci Liqadakı mübarizəni 9-cu pillədə tamamlayıb. Sözügedən kollektiv 2-ci Liqada 4-cü yeri tutmuş "Quba"nı pley-off matçında yenərək (3:1) liqada qalıb. Komanda bu yay ötən mövsüm "Kəpəz"də baş məşqçinin köməkçisi qismində çalışmış Araz Bağırova tapşırılsa da, rəhbərlik çempionat başlamamış onunla yolları ayırıb.
Mirağa