EN

Qiymət xəbərləri insana təsir edir: "Bahalaşma və ucuzlaşma..."

Qiymətlərin bahalaşması və ucuzlaşması ilə bağlı xəbərlər hər zaman cəmiyyətin diqqət mərkəzində olub.

Çünki qiymət dəyişikliklər insanların gündəlik həyatına təsir edən amillərdəndir. İnsanların belə xəbərlərə emosional reaksiyası isə müxtəlif səbəblərlə əlaqələndirilir.

Bəs cəmiyyətdə qiymət artımı və ucuzlaşma ilə bağlı xəbərlərin yaratdığı psixoloji reaksiyalar nədən qaynaqlanır?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən psixoloq Ülkər Musayev bildirib ki, bahalaşma xəbərləri insanlarda itirmək qorxusu və stress hissi yaradır:

“Qiymət artımı və ya ucuzlaşma hər gün istifadə etdiyimiz ərzaqdan tutmuş, ödənişlərimizə qədər hər şeyi dəyişir. Ona görə də beynimiz belə xəbərləri avtomatik “vacib” məlumat kimi qəbul edir.İnsan üçün pul itkisi, bahalaşma xəbəri qazanmaq sevincindən daha çox narahatlıq hissi yaradır. Ona görə bahalaşma xəbərləri bizdə gərginlik, stress və hətta gələcəklə bağlı qorxu oyada bilir. İtirəcəm qorxusu beyində güclü siqnal verir”.

Onun sözlərinə görə, bu tip xəbərlər kütləvi təsirlərə səbəb olur:

“Ucuzlaşma ilə bağlı xəbərlər insanlara ümid verir. Qiymətlərin düşməsi insana rahatlıq gətirir, ümid yaradır. Amma “birdən sabah qalxar” düşüncəsi bizi tez və həmən alış-verişə sövq edə bilər.Bu xəbərlər sosial şəbəkədə və mediada tez yayılır. Hamı danışdıqca, insan da özünü həmin mövzunu izləməyə məcbur hiss edir.Yəni kütləvi təsir yaradır”.

Psixoloq qeyd edib ki, qiymətlərlə bağlı xəbərlər insanlarda emosiyalar və xəbərdarlıq hissi yaradır:

“Belə xəbərlərin bir sıra psixoloji təsirləri var. Bahalaşma xəbərləri insanlarda stress və narahatlıq yaradır, onları qənaət rejiminə keçməyə sövq edir.Ucuzlaşma isə sevinc hissi doğurur, amma bəzən impulsiv qərarlar verməyə səbəb ola bilər. 

Eyni zamanda, bu xəbərləri izləmək insanlarda özünü nəzarətdə saxlamaq və “xəbərdar olma” hissini gücləndirir. Yəni qiymət xəbərləri bizdə sadəcə iqtisadi yox, həm də emosional reaksiya doğurur. Çünki beynimiz bunları “təhlükə və ya fürsət siqnalı” kimi qəbul edir”.

Chosen
10
1
cebheinfo.az

2Sources