EN

Siyasət sərt olsa da: Rusiyada miqrantların sayı ARTIB

Rusiyada son illərdə xarici işçilərə qarşı məhdudiyyətlər artırılsa da, miqrasiya göstəriciləri bunun əksini göstərir. 

Belə ki, miqrantların sayında artım müşahidə olunur. 

"Cebheinfo.az" xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, 2024-cü ildə ölkəyə təxminən 6,3 milyon əcnəbi daxil olub, onların yarısı iş məqsədilə gəlib. Ən çox miqrantlar ənənəvi olaraq Mərkəzi Asiya ölkələrindəndir: Özbəkistan 23,3% ilə birinci yerdədir, onu Tacikistan (16,7%), Qırğızıstan (10,4%) və Belarus (9,5%) izləyir. 

“Rosstat” il ərzində ümumi miqrasiya artımının 568 500 nəfər olduğunu açıqlayıb. Buna baxmayaraq, bir çox bölgədə məhdudiyyətlər davam edir. Məsələn, Sankt-Peterburqda iyul ayından etibarən miqrantların taksi sürücüsü kimi işləməsi, avqustdan isə kuryer kimi fəaliyyət göstərməsi qadağan olunub. Əmək Nazirliyi isə 2026-cı il üçün alkoqol və tütün ticarəti kimi doqquz sahədə xarici işçi payının daha da azaldılmasını təklif edib. 

Lakin mütəxəssislər qeyd edirlər ki, məhdudiyyətlərə baxmayaraq, miqrasiya axınının davam etməsi Rusiyadakı iqtisadi ehtiyaclarla birbaşa əlaqəlidir. Paytaxtdakı əmək bazarına dair fikirlərini bölüşən İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin bildirib: 

“Tikinti sahəsində işləmək üçün bizə gələn miqrantların yalnız 13%-i həqiqətən tikintidə çalışır”. Bununla yanaşı, Ali İqtisad Məktəbinin araşdırmasına görə, Moskvada tikinti və təmizlik sahələrində çalışanların yarısından çoxu miqrantlardır. Tədqiqatda qeyd olunur ki, miqrantlar ticarət, nəqliyyat və xidmət sahələrində ümumi işçi qüvvəsinin üçdə birini təşkil edirlər. 

Miqrantların cəmiyyətə təsiri ilə bağlı müxtəlif fikirlər mövcuddur. Maliyyə mütəxəssisləri miqrant işçi qüvvəsinin şəhər iqtisadiyyatını ayaqda saxladığını iddia edir, bəzi təhlükəsizlik qurumları isə cinayət göstəricilərinə diqqət çəkirlər. 2025-ci ilin ilk beş ayında miqrantlar tərəfindən törədilən cinayətlərin sayı 18,8 min olaraq qeydə alınıb. Bu, ümumi cinayətlərin təxminən 5%-ni təşkil edir. 

Rusiya Elmlər Akademiyası Demoqrafiya Tədqiqatları İnstitutunun direktoru Marina Xramova isə bu göstəricilərin yanlış şərh edilməməsinin vacibliyini deyib: 

“Cinayətlərin böyük əksəriyyəti kişi miqrantlar arasında yaşanan gündəlik münaqişələrdən qaynaqlanır. Üstəlik, ağır cinayətlərin sayında azalma müşahidə olunur”. Mütəxəssislərin fikrinə görə, bütün bu ziddiyyətli göstəricilər miqrasiyanın Rusiyada həm iqtisadi, həm də ictimai baxımdan əvəzolunmaz bir reallıq olduğunu ortaya qoyur. 

Chosen
16
1
cebheinfo.az

2Sources