ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
"III Dünya müharibəsinin başlanması ilə bağlı iddialar çoxdur. Belə iddialarla müxtəlif vaxtlarda müxtəlif dövlətlərin liderləri çıxış ediblər".
Bu fikirləri Redaktor.az-a politoloq Elçin Xalidbəyli Venesuela Prezidenti Nikolas Maduronun III Dünya mübaribəsinin başlaması ilə bağlı verdiyi açıqlamadan danışarkən bildirdi.
"Maduro bunu öz dilindən səsləndirir. Ancaq hələlik bu, daha çox formal iddialardır. Çünki reallıqda, yəni birbaşa III Dünya müharibəsinin başlanmasını təsdiqləyən faktlar mövcud deyil. Çünki III Dünya müharibəsinin mövcudluğu barədə tam qətiyyətlə fikir bildirmək üçün bir neçə dövlətin eyni vaxtda bir-biri ilə savaşması lazımdır və belə faktlar hələ ki, mövcud deyil. Ancaq bunun əlamətləri həqiqətən də müşahidə olunur. Çünki Ukrayna savaşı ətrafında onlarla dövlətin iştirak elədiyi inkarolunmaz reallıqdır. Bir tərəfdən Rusiya, eyni zamanda Rusiyanı dəstəkləyən bəzi dövlətlər, İran və Şimali Koreya Rusiyanın tərəfində həm canlı qüvvə ilə, həm də hərbi texnika dəstəyi ilə iştirak edir", - deyə o, qeyd etdi.
Xalidbəylinin sözlərinə görə, Ukrayna ordusu üçün də eyni situasiya mövcuddur:
"Belə ki, Ukraynaya da NATO üzvü olan dövlətlər, daha dəqiq desək Avropa dövlətləri hərbi dəstək verirlər. Yəni bu da dolayısı ilə bu dövlətlərin Ukrayna savaşında Rusiyaya qarşı müharibə iştirakçısı kimi qəbul oluna biləcək situasiyadır. Ancaq bu dolayı xarakter daşıyır və bu qeyri-formal üçüncü dünya müharibəsi kimi dəyərləndirilə bilər, amma real olaraq birbaşa açıq toqquşmalar mövcud olmadığından hələlik III Dünya müharibəsi barədə iddia irəli sürmək bir qədər tezdir".
Aytəkin TOFİQQIZI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.