EN

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir

Çin Kommunist Partiyasının (ÇKP) dəvəti ilə Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib.

Sentyabrın 10-da nümayəndə heyətinin ÇKP Muzeyinə ziyarəti təşkil olunub. Muzeylə tanışlıq zamanı Çinin və ÇKP-nin tarixi haqqında ətraflı məlumat verilib, ölkənin və partiyanın tarixini əks etdirən müxtəlif eksponatlar, qiymətli və nadir kolleksiya nümunələri, stendlərə baxış keçirilib.

Daha sonra nümayəndə heyətinin ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini Sun Haiyan ilə görüşü keçirilib.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin aprel ayında Çin Xalq Respublikasına dövlət səfəri və sentyabrın 1-də Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə, sentyabrın 3-də isə yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümünə həsr olunmuş paradda iştirakının dövlətlərarası münasibətlərin inkişafı baxımından əhəmiyyəti xüsusi vurğulanıb.

Sun Haiyan hərtərəfli strateji tərəfdaşlığa malik iki ölkə arasında dostluq münasibətlərinin daha da gücləndiyini, müxtəlif sahələrdə, o cümlədən Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsinin dərinləşdiyini diqqətə çatdırıb. O, Asiya və Avropa arasında mühüm körpü rolunu oynayan Azərbaycanın Çinin Cənubi Qafqazda çox mühüm tərəfdaşı olduğunu bildirib.

İki ölkənin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində əməkdaşlıq imkanlarının önəminə diqqəti cəlb edən Sun Haiyan elm, təhsil, mədəniyyət və digər sahələrdə işbirliyinin əhəmiyyətini də vurğulayıb.

Nümayəndə heyətinin rəhbəri, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hikmət Məmmədov bildirib ki, iki dost ölkə arasında münasibətlərin dinamik inkişafı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının Baş katibi Si Cinpinin siyasi iradəsi ilə bağlıdır. O, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əlaqələrin hər iki ölkənin milli maraqlarına cavab verdiyini vurğulayıb.

Hikmət Məmmədov Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin dərinləşməsində iki ölkənin hakim partiyaları arasında əlaqələrin mühüm rol oynadığını bildirərək 2024-cü ilin noyabr ayında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çinə səfəri zamanı ÇKP ilə əməkdaşlıq memorandumunun imzalanmasının önəminə diqqəti cəlb edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

Chosen
17
5
yeniazerbaycan.com

6Sources