EN

Deputat: Zəngəzur dəhlizi ilə ölkəmiz beynəlxalq nəqliyyat habına çevriləcək

Bakı, 10 sentyabr, AZƏRTAC

“Bu günə qədər regionun inkişafına, inteqrasiyasına və ölkələr arasında əməkdaşlığa ən ciddi mənfi təsir göstərən amillərdən biri Azərbaycan ilə Ermənistan arasında münaqişə olub. Məsələnin ən önəmli tərəfi ondan ibarətdir ki, bu qarşıdurma regionda, xüsusilə Ermənistanın özündə, eləcə də bölgədə kommunikasiyalara çox ciddi mənfi təsir göstərib”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

“Əgər Ermənistan düzgün addım atarsa, dalan dövlət olmaqdan çıxacaq, qonşu dövlətlərlə, o cümlədən Türkiyə ilə normal münasibətlər qurmaq imkanı əldə edəcək. Burada Türkiyənin rolu daha da önəmlidir. Bu, həm də prosesin nə qədər əhəmiyyətli olduğunu göstərir”, - deyə o, əlavə edib

Ceyhun Məmmədov Zəngəzur dəhlizinin qitələri birləşdirən nəqliyyat xətti kimi beynəlxalq layihələrin mərkəzinə çevriləcəyini qeyd edib və deyib: “Burada həm avtomobil, həm də dəmir yolu nəzərdə tutulur. Bu dəhliz Çindən Avropaya yüklərin ən qısa zamanda daşınmasına müsbət təsir göstərəcək. Azərbaycan Asiya ilə Avropanı birləşdirən əsas körpü rolunu oynaya bilər. Bu layihədən həm Azərbaycan faydalanacaq, ölkəmiz beynəlxalq nəqliyyat habına çevriləcək, həm də Ermənistan bəhrələnəcək”.

Deputat əlavə edib ki, bütövlükdə bu proses regionu dünya üçün önəmli bir əraziyə çevirəcək: “Azərbaycan üçün böyük imkanlar yaranacaq. Ermənistan isə yaranmış imkanlardan düzgün istifadə etməlidir. Kommunikasiyaların açılması sayəsində Azərbaycan, Ermənistan və Türkiyə arasında yükdaşımaları bərpa olunacaq, region ölkələri qlobal iqtisadi inteqrasiyaya daha sürətlə qoşulacaqlar”.

Chosen
1
1
azertag.az

2Sources