Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Paris, 10 sentyabr, AZƏRTAC
Fransada genişmiqyaslı “Hər şeyi bloklayaq-10 sentyabr” etiraz aksiyalarının fonunda Matinyon sarayında Baş nazir postunun təhvili olub. Silahlı qüvvələr naziri vəzifəsindən istefa verən Sebastyən Lökornü Fransua Bayru ilə keçirdiyi qapalı görüşdən sonra rəsmi olaraq yeni Baş nazir olub. Ancaq S.Lökornünün Baş nazir təyin edilməsinə müxalif partiyalar etiraz edirlər.
AZƏRTAC xəbər verir ki, “Əyilməz Fransa” (LFİ) hərəkatı Lökornü hökumətinə qarşı etimadsızlıq səsverməsi təqdim edəcəyini açıqlayıb. Bu barədə partiyanın milli koordinatoru Manuel Bompard BFMTV-yə bildirib. Solçu partiyaların bir çox nümayəndələri Prezident Emmanuel Makrona yaxınlığına görə Sebastyən Lökornünün təyinatını təxribat adlandırıblar.
Sosialist Partiyasının birinci katibi Olivye For “franceinfo” kanalında verdiyi müsahibədə yeni Baş nazirə müraciət edərək, Konstitusiyanın 49.3 maddəsinin istifadəsindən imtina etməyə çağırıb. “Bu, metodun dəyişdiyini göstərən bir addım olar”, – deyə o bildirib və əlavə edib ki, son 8 ilin siyasətindən qopmaq lazımdır.
Milli Birlik (RN) partiyasının lideri Marin Lö Pen yeni təyinatı tənqid edərək bildirib ki, Prezident makronizmin son gülləsini atır. O, növbəti Baş nazirin Jordan Bardella olacağını proqnozlaşdırıb.
Jan-Lük Melanşon isə bu təyinatı “Parlamentə hörmətsizlik” kimi qiymətləndirərək, Emmanuel Makronun istefasını bir daha tələb edib.
Makronist deputat Silvən Mayar “franceinfo” kanalına açıqlamasında qeyd edib ki, Sebastyən Lökornü tələsmədən hökumət formalaşdırmaq niyyətindədir. “Yalnız bu yolla büdcə üzərində işləyəcək çoxpartiyalı birgəlik yaradıla bilər”, – deyə o bildirib.
Emmanuel Makron yeni Baş naziri siyasi partiyalarla razılıq tapmaq və bu əsasda yeni hökumət formalaşdırmaq üçün təyin edib. Respublikaçılar partiyasının lideri, keçmiş daxili işlər naziri Brüno Rötayo dərhal Lökornü ilə əməkdaşlığa açıq olduğunu bildirib.
Sosialist partiyası Makronun “israrla yanlış yolda irəlilədiyini” bəyan edərək, bu hökumətdə yer almayacaqlarını açıq şəkildə bildirib.
Yeni hökumətin formalaşması və siyasi balansların necə dəyişəcəyi yaxın həftələrdə aydın olacaq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.