EN

İşdən çıxarılan şöbə müdirinin həkim kimi işləməsi – Qadağan edildi

Yenidoğulmuş körpənin ölümündə təqsirləndirilən həkim Könül Xudatovanın məhkəməsi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Saatlı Rayon Məhkəməsində keçirilən prosesdə Könül Xudatova Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq-Ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilinib.

Bildirilib ki, hadisə 2023-cü ilin iyul ayında Saatlı Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. O zaman xəstəxananın Ginekologiya və doğum şöbəsinin müdiri vəzifəsində işləyən K. Xudatova doğuş prosesində iştirak edib. Lakin o, doğuşdan əvvəl proseduru düzgün həyata keçirməyib və doğuş vaxtı körpənin zədələnməsinə səbəb olub. Nəticədə yenidoğulmuş qız uşağı bir gün sonra vəfat edib.

Könül Xudatova ölüm hadisəsində hər hansı günahının olmadığını bildirərək bəraət istəyib.

Həmçinin məlum olub ki, bu hadisədən sonra K. Xudatova sosial mediada xəstəxananın baş həkimini günahlandıraraq körpənin oksigen balonuna qoşulmasına imkan vermədiyini deyib. Bundan sonra işdən çıxarılan şöbə müdiri fəaliyyətini Tovuz Rayon Mərkəzi Xəstəxanasında həkim kimi davam etdirib.

Saatlı Rayon Məhkəməsinin hökmü ilə 1984-cü il təvəllüdlü Könül Xudatovaya 2 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Ona elektron qolbaq taxılıb.

K. Xudatovanın əlavə cəza kimi 1 il müddətə dövlət və özəl tibb müəssisələrinin ginekologiya və doğum şöbələrində rəhbər vəzifə tutmaq və mama-ginekoloq fəaliyyəti ilə məşğul olmaq hüququ da qadağan edilib.

Chosen
29
6
tribunainfo.az

7Sources