EN

Azərbaycanda bu ailələrə pul verilə bilər – 15 sentyabra kimi…

  Yeni tədris ilinin başlamasına sayılı günlər qalır. Bəzi ölkələrdə uşaqların məktəbə başlaması ərəfəsində ailələrə əlavə maliyyə yardımları göstərilir ki, valideynlər məktəb ləvazimatlarını almaqda çətinlik çəkməsinlər. Məsələn, İrlandiyada “Back to School Allowance” proqramı çərçivəsində valideynlərə 160-285 avro (təxmini 318-567manat), Fransada isə 398-434 avro (təxmini 792-864 manat) arası birdəfəlik yardım ödənilir. Almaniyada məktəb ehtiyacları üçün illik 174 avro (təxmini 346 manat), Ukraynada isə birinci sinif şagirdlərinə 5 min qrivna (təxmini 208 manat) dəstək təqdim olunur.

Azərbaycanda da belə “məktəbə hazırlıq” yardımları tətbiq edilə bilərmi?

Busaat.az xəbər verir ki, Globalinfo.az-a danışan təhsil məsələləri üzrə ekspert Sona Əliyeva deyib ki, Azərbaycanda da “məktəbə hazırlıq” yardımı praktik olaraq tətbiq oluna bilər.

Onun fikrincə, xüsusilə sosial müavinət alan ailələr, işsiz və ya kasıb sayılan əhali, həmçinin kənd yerlərində yaşayan ailələr üçün bu yardım böyük rahatlıq yaradardı:

“Sosial müavinət alan ailələrin proqram çərçivəsində avtomatik müəyyən edilməsi çox asandır. Kənd yerlərində isə yardım məktəb vasitəsilə paket şəklində paylana və ehtiyacları sürətli şəkildə qarşılaya bilər. Belə bir təşəbbüs ailələrin maliyyə yükünü yüngülləşdirməklə yanaşı, sosial bərabərliyi gücləndirər və uşaqların məktəbə motivasiyasını artırar. Azərbaycanda gələcəkdə “məktəbə hazırlıq” yardımı proqramının tətbiqi praktik olaraq real görünür və beynəlxalq təcrübələr də göstərir ki, bu addım ailələr üçün həm praktiki, həm də sosial baxımdan faydalıdır”.

Sona Əliyeva belə bir təşəbbüsün nə zaman irəli sürüləcəyi barədə məlumatsız olduğunu bildirib:

“Azərbaycanda yaxın zamanda belə bir təşəbbüsün olmasını təxmin etmirəm. Bir dəfə oxşar təşəbbüs oldu, lakin davamı gəlmədi. Birdəfəlik pul yardımı, əlbəttə, daha məqsədə uyğundur, amma ölkəmizdə təhsilin sosial tərəflərini həll etməkdən çox, təhsilin keyfiyyətinin yüksəldilməsinə ciddi ehtiyac var”.

İqtisadçı Natiq Cəfərli Azərbaycanda hələ ki, belə bir praktikanın mövcud olmadığını vurğulayıb:

“Belə bir dəstəyin valideynlər üçün faydalı olacağı şübhəsizdir, lakin hazırda bu barədə müzakirə aparılmır. Buna görə də yaxın gələcəkdə belə bir təşəbbüsün reallaşacağını gözləmək çətindir”.

Natiq Cəfərli cari ilin büdcəsində bu istiqamətdə hər hansı ödəniş və ya xərclərin nəzərdə tutulmadığını deyib:

“Gələn ilin büdcə müzakirələri noyabr ayında başlayacaq və ümid edək ki, ən azından həmin müddətdən sonra Azərbaycanda məktəbə hazırlıq üçün belə bir dəstək mexanizminin tətbiqinə dair addımlar atılar. Ancaq hazırkı şəraitdə bu, o qədər də real görünmür”.

Chosen
24
1
busaat.az

2Sources