EN

Belçikanın daxili işlər naziri ilin sonuna qədər Brüssel küçələrinə ordu çıxarmağa söz verib

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Brüssel, 11 sentyabr, AZƏRTAC

Belçikanın daxili işlər naziri Bernar Kanten yay mövsümündə zorakılıq halları və iki ölüm hadisəsi ilə üzləşən Brüsseldə təhlükəsizliyi gücləndirmək niyyətində olduğunu açıqlayıb.

AZƏRTAC xəbər verir ki, nazir yerli televiziyaya müsahibəsində ilin sonuna qədər Brüsselin küçələrində hərbi patrulların peyda olacağını və onların polis əməkdaşları ilə birgə xidmət göstərəcəyini bildirib.

Nazirin sözlərinə görə, son aylarda Brüssel cinayətkarlığın episentri olub: qətllər, atışmalar və bıçaqlanma hadisələri gündüz vaxtı baş verir. “Bu, fəlakətdir”, – deyə Kanten vəziyyəti xarakterizə edərək əlavə edib ki, cinayətkar qruplar getdikcə daha da cəsarətlənirlər.

Hökumətin planı geniş tədbirlər kompleksini nəzərdə tutur. İlk növbədə, paytaxtın cinayətkarlıq baxımından təhlükəli bölgələrində polis və hərbçilərdən ibarət qarışıq patrullar yaradılacaq. Bundan başqa, DİN müşahidə kameralarının şəbəkəsinin genişləndirilməsi üçün 20 milyon avro ayırır. “NMBS” nəqliyyat şirkətinə məxsus kameralar avtomatik nömrətanıma sisteminə qoşulacaq ki, bu da polisin 8 mindən çox cihaza çıxışını təmin edəcək. Əgər bələdiyyələrin əlavə kamera quraşdırmaq üçün maliyyə imkanı çatmasa, dövlət dəstək verməyə hazırdır”, -deyə o bildirib.

Nazirin fikrincə, hərbçilər polisi əvəz etməyəcək, sadəcə onun fəaliyyətini gücləndirəcəklər. O, bu təcrübənin digər şəhərlərə – Antverpen, Liej, Şarlerua və Qentə də tətbiq oluna biləcəyini istisna etməyib, çünki orada da narkotiklə bağlı cinayət halları artmaqdadır.

B. Kanten etiraf edib ki, ölkə üzrə polisdə kadr çatışmazlığı təxminən 15 faizdir. Əlavə işə qəbul və istintaq bölmələrinin gücləndirilməsinə baxmayaraq, problemi qısa zamanda həll etmək mümkün deyil.

Nazir, həmçinin təhlükənin transmilli xarakter daşıdığını vurğulayıb. Ölkədə Marsel və Albaniya mafiyası, habelə kökləri Şimali Afrikaya gedib çıxan kriminal şəbəkələr fəaliyyət göstərir. Onun sözlərinə görə, atışmaların əksəriyyəti birbaşa narkotrafiklə əlaqədardır.

O, eyni zamanda profilaktik tədbirlərin gücləndirilməsini təklif edib və narkotik istifadəsinin zərərləri barədə maarifləndirmə kampaniyalarının siqaret və alkoqola qarşı aparılan aksiyalarla müqayisə olunacaq səviyyədə vacib olduğunu vurğulayıb.

Bununla yanaşı, Brüsseldə polis orqanlarında islahatla bağlı müzakirələr davam edir. Bir sıra merlər altı yerli zonanın vahid strukturda birləşdirilməsinə qarşı çıxaraq nəzarəti itirməkdən ehtiyat edirlər. Lakin hökumət üzvlərinin fikrincə, məhz sistemin parçalanmış olması şəhəri zəiflədir.

Ekspertlər isə bildirirlər ki, hökumətin planlarının praktiki icrası hüquqi çətinliklərlə və ordu-polis həmkarlar ittifaqlarının müqaviməti ilə üzləşə bilər. Bununla belə, hökumət ilin sonuna qədər Brüsseldə hərbi patrulların yerləşdirilməsində israrlıdır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
37
1
azertag.az

2Sources