ain.az bildirir, Milli.az saytına əsaslanaraq.
Yapon alimlər diş itkisinə qalıcı həll ola biləcək inqilabi bir dərman üzərində çalışıblar. Dişlərin təbii yolla yenidən böyüməsini hədəfləyən müalicə heyvanlar üzərində uğurlu nəticələr verib və hazırda insanlar üzərində sınaqdan keçirilir. Əgər nəticələr müsbət olsa, bu metod 2030-cu ilə qədər doğuşdan diş əskikliyi olan uşaqlardan tutmuş dişlərini itirən böyüklərə qədər milyonlarla insana ümid ola bilər.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, insan orqanizmində 206 sümük var və onlar zədələndikdə özünü bərpa edə bilir. Ancaq dişlər, bədənin ən sərt hissələrindən biri olmasına baxmayaraq, yenilənmə qabiliyyətinə malik deyil. Yaponiyalı alimlər bu çatışmazlığı aradan qaldırmaq üçün yeni üsul hazırlayıblar.
Araşdırmanın əsasında diş böyüməsini maneə törədən "USAG-1" adlı xüsusi antikor dayanır. Kyoto Universitetinin alimləri 2021-ci ildə bu antikorun təsirini bloklayaraq diş inkişafını hərəkətə gətirən üsul kəşf ediblər. Bu metod sümük morfogenetik zülallar (BMP) ilə antikor arasındakı əlaqəni kəsir. Gəlinciklər üzərində aparılan sınaqlar müsbət nəticə verib və bunun ardınca insanlar üzərində klinik testlərə başlanılıb.
2024-cü ilin sentyabrında 30-64 yaş arası və ən azı bir dişi əskik olan 30 kişi üzərində klinik sınaqlar başlandı. Dərman damardaxili yolla verilir və test prosesi 11 ay davam edəcək. Heyvanlar üzərində aparılan əvvəlki sınaqlarda heç bir yan təsir müşahidə edilmədiyi üçün mütəxəssislər nikbindir.
Gələcək mərhələdə doğuşdan diş əskikliyi olan uşaqlar da bu müalicədən faydalana biləcək. Kitano Xəstəxanası xüsusilə 2-7 yaş arası uşaqlarda tətbiq etməyi nəzərdə tutur. Məqsəd - 2030-cu ilə qədər dişlərin yenidən böyüməsini təmin edən bu müalicəni geniş istifadəyə təqdim etməkdir.
"USAG-1-in bloklanmasının diş əmələ gəlməsinə təsirini bilirik. İndi isə bunun insanlarda da işləyib-işləmədiyini yoxlayırıq. Hədəfimiz odur ki, bu müalicə doğuşdan diş problemi yaşayanlar da daxil olmaqla, dişlərini itirən hər kəs üçün yeni bir ümid olsun".Lalə Qüdrətova
Milli.Az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.