ABŞ Konqresinin Nümayəndələr Palatası ölkənin 2026-cı maliyyə ili üçün (oktyabrın 1-dən başlayır) hərbi xərclərini, o cümlədən Ukraynaya 400 milyon dollar yardım da daxil olmaqla, təxminən 900 milyard dollar məbləğində təsdiq edib.
Musavat.com Konqresin saytında yerləşdirilən izaha istinadən xəbər verir ki, sənədi 231 konqresmen dəstəkləyib, 196 nəfər əleyhinə səs verib.
Konqresin aşağı palatası əsasən partiya xəttinə görə bölünmüşdü. Hazırda Nümayəndələr Palatasında azlıq təşkil edən ABŞ Demokrat Partiyasından 17 qanunverici qanun layihəsini dəstəkləyib, yalnız dörd respublikaçı (çoxluq fraksiyası) ona səs verməyib.
Sənəddə Ukraynaya hərbi yardım üçün 400 milyon dollar vəsait ayrılmasını nəzərdə tutan bənd var. Bu vəsaitlərin Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü (USAI) vasitəsilə ayrılması nəzərdə tutulur. Qanunvericilər sənədə həmçinin ABŞ administrasiyası Ukraynaya Konqres tərəfindən daha əvvəl təsdiq edilmiş yardımı ləğv etmək və ya dayandırmaq qərarına gələrsə, Pentaqonun onlara xəbər verməli olduğuna dair müddəa da daxil ediblər.
Musavat.com