EN

Peşə məktəblərinə qəbul prosesindən narazılıqlar gedərək artır...


Kamran Əsədov: “Qəbul prosesinin düzgün aparılmadığı iddiası obyektiv deyil, problem daha çox…”

Peşə təhsil pilləsi üzrə tələbə qəbulunun II mərhələsinin də nəticələri açıqlandı. Birinci və ikinci mərhələdə www.portal.edu.az platforması vasitəsilə ümumilikdə 44 000 nəfərdən çox namizəd peşə təhsili almaq üçün müraciət edib.

Məlumat üçün bildirək ki, 2025/2026-cı tədris ili üzrə tələbə qəbulu 78 peşə təhsili müəssisəsində 13 640 plan yeri üzrə aparılıb. İkinci mərhələdə platforma vasitəsilə 72 597 müraciət daxil olub. Ümumilikdə 8341 nəfər müsabiqədən keçib. Qeyd edək ki, son günlər peşə məktəblərinə qəbulla bağlı sosial şəbəkələrdə bir sıra etirazlar öz əksini tapır. Belə ki, həmin qeyd edilən fikirlərdə əsasən qəbul prosesinin doğru aparılmadığı öz əksini tapıb. Maraqlıdır, doğrudanmı qəbul prosesi düzgün həyata keçirilmir?

“Peşə məktəblərinə qəbul prosesi ətrafında son günlər səslənən narazılıqlar əslində daha çox ictimai informasiyanın yetərsizliyi və peşə təhsilinin hələ də yeni imic qazanmaqda olması ilə bağlıdır”

Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, peşə məktəblərinə qəbul prosesi ətrafında son günlər səslənən narazılıqlar əslində daha çox ictimai informasiyanın yetərsizliyi və peşə təhsilinin hələ də yeni imic qazanmaqda olması ilə bağlıdır: “Təhlil göstərir ki, qəbul mexanizmi normativ-hüquqi cəhətdən kifayət qədər dəqiq tənzimlənib və şəffaf şəkildə həyata keçirilir. Azərbaycan Respublikasının “Təhsil haqqında Qanunu”nun 22-ci maddəsində peşə təhsilinin dövlət tərəfindən təşkil edildiyi və qəbul prosesinin Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada aparıldığı qeyd olunur. Bundan başqa, “Peşə təhsili haqqında” Qanunda da qəbulun elektron sistem üzərindən aparılması, subyektiv amillərin aradan qaldırılması və bərabər imkanların təmin olunması hüquqi əsas kimi təsbit edilib. Statistik məlumatlar da bu sahədə mühüm dinamikanı göstərir. 2024–2025-ci tədris ili üçün peşə məktəblərinə 25 mindən çox plan yeri ayrılıb, onlardan təxminən 20 mini artıq dolub. Bu göstərici əvvəlki illərlə müqayisədə daha yüksəkdir. Məsələn, 2018-ci ildə qəbul olunanların sayı cəmi 12 min nəfər idi. Son altı ildə qəbul iki dəfəyə yaxın artıb və bu da dövlətin peşə təhsilinə diqqətinin artmasının nəticəsidir. Bununla yanaşı, bəzi regionlarda ixtisas balansının düzgün qurulmaması və seçimin məhdud olması gənclərdə narazılıq doğurur ki, bu da qəbulun şəffaflığına dair yanlış təsəvvür formalaşdırır. Müsbət tərəf ondan ibarətdir ki, Elm və Təhsil Nazirliyi qəbul prosesini tam elektronlaşdırıb və nəticələr ictimaiyyətə açıq elan olunur. Hər bir namizəd şəxsi kabinet vasitəsilə müraciət edə bilir, seçimin nəticələrini şəffaf şəkildə görür. Bu, dünyanın qabaqcıl təcrübələrinə uyğun mexanizmdir. Məsələn, Estoniyada və Litvada peşə məktəblərinə qəbul yalnız elektron sistem üzərindən aparılır və nəticələr birbaşa dövlətin vahid portalında açıqlanır. Azərbaycanda da bu mexanizmin tətbiqi qlobal standartlara uyğunluğun göstəricisidir.

Mənfi tərəf isə ondadır ki, bəzi hallarda gənclər seçim edərkən ixtisaslar barədə dolğun məlumat ala bilmirlər. Bu səbəbdən uyğun seçim etməyən abituriyentlər qəbul ola bilmədikdə prosesi düzgün aparılmayan bir hal kimi qələmə verirlər. Digər mənfi cəhət regionlar üzrə peşə məktəblərinin qeyri-bərabər paylanmasıdır. Bakı və iri şəhərlərdə seçim imkanı daha genişdir, amma kənd yerlərində bu imkan məhduddur. Bu, narazılıqların əsas mənbəyidir.

Dünya təcrübəsində peşə təhsili qəbulunun uğuru əmək bazarının real tələbləri ilə uzlaşdırılmasında görünür. Almaniya və Avstriyada peşə təhsili üzrə qəbul yerləri birbaşa işəgötürənlərin sifarişinə uyğun planlaşdırılır və tələbələrin böyük əksəriyyəti təhsil müddətində işlə təmin olunur. Azərbaycanda isə hələlik bu mexanizm tam oturuşmayıb, amma artıq nazirlik işəgötürənlərlə əməkdaşlıq layihələrinə start verib. Bu da gələcəkdə ixtisas bölgüsünün bazara daha uyğun qurulmasına imkan yaradacaq. Dəyişəcək olan əsas məsələ peşə məktəblərinin nüfuzudur. İllər əvvəl bu təhsil forması ikinci dərəcəli sayılırdısa, bu gün dövlətin dəstəyi ilə peşə təhsili əmək bazarına çıxış üçün real alternativə çevrilir. Dəyişməli olan isə ixtisas seçimi prosesində gənclərin maarifləndirilməsi, regionlarda yeni ixtisasların açılması və işəgötürənlərin qəbul prosesinə daha fəal cəlb edilməsidir. Nazirliyin müsbət fəaliyyəti ondan ibarətdir ki, hər il plan yerlərinin sayı artır, təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilir, beynəlxalq tərəfdaşlarla birgə layihələr həyata keçirilir”.

Həmsöhbətimiz hesab edir ki, qəbul prosesinin düzgün aparılmadığı iddiası obyektiv deyil. Problem daha çox informasiya boşluğu və struktur qeyri-bərabərliyindən qaynaqlanır. Elm və Təhsil Nazirliyinin atdığı addımlar nəticəsində peşə təhsili artıq müasir standartlara yaxınlaşır və bu sahədə görülən işlər təqdir olunmalıdır: “Gələcəkdə qəbul mexanizminin daha çevik və əmək bazarına tam uyğunlaşdırılması ilə bağlı islahatlar davam etdirildikcə sosial şəbəkələrdə səslənən narazılıqlar da azalacaq”.

Günel CƏLİLOVA

Chosen
34
baki-xeber.com

1Sources