EN

“Mənim silahım qanunun gücüdür” – Vəkil Təranə Məmmədova ilə MÜSAHİBƏ

Təranə Məmmədova: “Mən xalqımı qoruyur və ona xidmət edirəm, mənim silahım isə qanunun gücüdür”

Hüquq yalnız qanunların toplusu deyil, ədalətin təminatıdır. Vəkillik isə cəmiyyət üçün bu ədaləti qorumağın ən şərəfli yollarından biridir. Azərbaycan Vəkillər Kollegiyasının üzvü Təranə Məmmədova ilə müsahibəmizdə vətəndaşların ən çox müraciət etdiyi hüquqi problemlərdən, mediasiya prosesinin əhəmiyyətindən, boşanma və əmlak bölgüsü məsələlərindən danışdıq. O, həmçinin vəkil peşəsinin ictimai xarakterini və insan hüquqlarının qorunmasında rolunu izah etdi.

– Təranə xanım, siz AR Vəkillər Kollegiyasının üzvüsünüz. Zəhmət olmasa, izləyicilərin daha tez-tez verdiyi sualları cavablandırın. Ən çox sizə vətəndaşlar hansı problemlərlə müraciət edirlər?

– Ən çox gündəmdə olan problemlər ailə münasibətləri ilə bağlı suallardır: nikahın xitamı, birgə əmlakın bölünmə qaydaları və üsulları, alimentin ödənilməsi və s. İnzibati sahədə insanlar inzibati aktların dəyişilməsini və ya ümumiyyətlə onları ədalətsiz sayıb tamamilə ləğvini xahiş edirlər. Cinayət işlərində mənə daha çox dələduzluq nəticəsində zərərçəkmiş insanlar müraciət edirlər.

– İndiki zamanda boşanma, alimentlərin ödənilməsi və birgə əmlakın bölünməsi mövzusu çox aktualdır. Cütlük boşanmadan öncə mediasiya prosesi təyin olunur. Necə düşünürsünüz bu mediasiya prosesi nə üçün lazımdır və ümumiyyətlə lazımdırmı?

 Düşünürəm lazımdır. Ailə, əmək, kommersiya mübahisələri üzrə insanlar məhkəməyə müraciət etməmişdən əvvəl mütləq qaydada mediasiya sessiyasını keçməlidirlər. Mediasiya – tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həllidir. Mediator neytral şəxsdir. O, tərəflərin mübahisəni həll etməsinə, könüllü olaraq sərbəst qərar qəbul etməsinə kömək edir. Tərəflər öz şərtlərini qoyub, bir-birinə kompromislərə gedərək ümumi razılığa gəlirlər. İkitərəfli razılıq əsasında qəbul olunan qərar onun icrasını da asan edir. Məhkəmədən fərqli olaraq tərəflər daha az gərginliyi hiss edib, bir-birinə güzəştə gedib barışığa gələ bilərlər və ən əsası buna əvvəldən artıq hazır olurlar. Son zamanlar biz peşəkar mediatorlardan çox uğurlu nəticələr alırıq.

– İnsanlar boşanarkən birgə əmlakın bölünməsi necə həyata keçirilir? Burda hansı məqamları nəzərə almaq lazımdır?

– Birgə əmlak ər-arvadın nikah dövründə əldə etdiyi əmlak sayılır. Vətəndaşlar bilməlidilər ki, əgər əmlak nikahdan əvvəl əldə olunubsa, bağışlanıbsa, miras qalıbsa, bu artıq şəxsi mülkiyyətdir və bölünməyə daxil oluna bilməz.
Ər-arvad öz aralarında razılığa gələrək əmlakı bölə bilərlər. Belə razılıq notarius tərəfindən təsdiqlənməlidir. Tərəflər həmçinin bu məsələni nikah müqaviləsində də ətraflı həll edə bilərlər. Əgər tərəflər razılıq əldə edə bilmirlərsə, mübahisələr məhkəmə qaydasında həll olunmalıdır.

– Necə düşünürsünüz, nikaha daxil olarkən nikah müqaviləsi bağlamaq lazımdırmı?

– Azərbaycanda belə müqavilələr çox nadir haldır. Əlbəttə, belə razılaşmalar insanları gələcəkdə əmlak mübahisələrinin yaranmasından müəyyən dərəcədə qoruyur və yaranma ehtimalını azaldır. Amma vətəndaşların fərdi yanaşması bu müqavilələrin yayılmasına imkan vermir.

– Alimentin ödənməsi ilə bağlı sualım var. Uşaqlar üçün alimentin ödənməsində valideynlər imtina edə bilərmi? Məhkəmə qərarı olduqda aliment ödəməyən şəxs nə kimi məsuliyyət daşıyır?

– 18 yaşına çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunur. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, maraqlarının təmin olunmasına, hərtərəfli inkişafına malikdir. Valideynlər öz uşaqlarını saxlamağa borcludur. Hətta valideynlik hüquqlarından məhrum olunmuş ata və ya ana uşaqların saxlanmasını təmin etmək vəzifəsindən azad edilmirlər.
Məhkəmə qərarı varsa və aliment ödəməli olan şəxs onu qəsdən icra etmirsə, bu cinayət məsuliyyətinə səbəb olur. AR Cinayət Məcəlləsi 306.1-ci maddəsinə görə, ən ağır sanksiya 3 ilədək azadlıqdan məhrumetmədir.

– Bəzi müsəlman ölkələrində uşaqlar boşanmadan sonra ata ilə qalırlar. Bizdə uşaqlar əsasən ana ilə qalır. Bu nə dərəcədə düzgündür?

– Hesab edirəm ki, düzgündür. Bunun səbəbini gender stereotipi ilə bağlamıram. Uşağın anaya emosional bağlılığı böyükdür. Ana bətnində uşaq onun səsini və ürək döyüntüsünü hiss edir. Dünyaya gələndə ilk ananı görür və orada özünü təhlükəsiz hiss edir. Buna görə də uşağı üzr olmadan anadan ayırmaq düzgün olmazdı. İstisna hallarda məhkəmə uşağı anadan ayıra bilər: ananın əxlaqsız həyat tərzi sürməsi, narkotik və alkoqola qurşanması və s.

– Əgər uşağın yanında qalan valideyn digər valideynlə görüşməyə icazə vermirsə, bu nə dərəcədə düzgündür? Belə hallarda nə etməli?

– AR Ailə Qanunvericiliyinə görə, valideynlərdən biri uşağı ilə ayrı yaşasa da, digər valideynlə görüşmək və onun tərbiyəsində iştirak etmək hüququnu saxlayır. Uşaqla yaşayan valideyn digər valideynin ünsiyyətinə mane ola bilməz. Belə hallarda əvvəlcə ikitərəfli razılıq yolu ilə mediasiyaya müraciət edib razılıq əldə etmək olar. Əgər bu mümkün deyilsə, məsələ məhkəmədə həll olunmalıdır.

– Bir çox ölkələrdə məhkəmələr onlayn rejimdə keçirilir. Bizdə belə təcrübə varmı? Bunun müsbət və mənfi tərəfləri hansılardır?

– Bəli, belə təcrübə mövcuddur. Əsasən cinayət işlərində tətbiq olunur. Müasir texnologiya rahatlıq gətirir və bu müsbət haldır. Amma dərin yanaşsaq, cinayət işləri canlı keçirilərsə, hakim hadisələrə daha ədalətli və humanist yanaşa bilər. İnsan emosiyalarını texniki vasitə ilə tam ötürmək mümkün deyil.

– Qardaş Qazaxıstan Respublikasının Vəkillər Kolleqiyasının sədri Aydın Bikibayev vəkillərin peşə fəaliyyəti barədə elmi məqalə dərc edib. Bununla bağlı fikirləriniz?

– Əvvəlcə Aydın bəyə təşəkkür edirəm. Məqalədə maraqlı məqamlar var. Xüsusilə, vəkillərin fəaliyyəti publik yoxsa kommersiya xarakterli olması məsələsi diqqət çəkir. Mən həmişə düşünmüşəm ki, vəkillərin işi publik xarakter daşıyır. Bizim peşəmiz böyük məsuliyyət, davamlı öyrənmə və vaxtdan, məkandan asılı olmayaraq çalışmaq tələb edir.

– Vətəndaşlara vəkil ilə əməkdaşlıq zamanı ən çox nə arzu edirsiniz?

– Vətəndaşlara öz vəkilinə tam etibar etmələrini arzu edərdim. Həqiqəti danışmaq vacibdir ki, vəkil düzgün müdafiə strategiyası qura bilsin. Beləliklə, vətəndaş problemlərinin həllində vəkil effektiv kömək etmiş olur.

Təranə Məmmədovanın sözləri göstərir ki, vəkil yalnız qanunu bilən şəxs deyil, eyni zamanda vətəndaşların hüquqlarını qoruyan, onların problemlərinə həssas yanaşan,  sözün əsil mənasında cəmiyyətə xidmət edən biri olmalıdır.

Onun sözlərindən aydın olur ki, ədalət və qanun gücü, vətəndaşların həyatında əvəzolunmaz rol oynayır və vəkil peşəsi yalnız maddi qazanc deyil, həm də vicdan və məsuliyyət tələb edir.

Müsahibə,  hüququn yalnız məhkəmə zalında deyil, gündəlik həyatımızda da vacib olduğunu vurğulayaraq,  vətəndaşların vəkillərlə əməkdaşlıq edərkən həqiqəti söyləmələri gərəkdiği kimi, vəkillərin də  peşəkarlıq və vicdanla onların hüquqlarını qorumağa davam etmək ilk öncə vicdani vəzifələridir. 

Təranə xanımın sözləri həm gənc hüquqşünaslara, həm də vətəndaşlara bir mesajdır əslində: Ədalətə xidmət etmək hər zaman vacibdir və bu yol yalnız qanunla deyil, həm də vicdanla aparılır!

 

Yazar: Cəmilə Çebotaryova

Chosen
18
qaziler.az

1Sources