EN

80 ci ILLƏR ƏDƏBİ NƏSLİNİN POEZİYASI MÜSTƏQİLLİK İLLƏRİNDƏ MUSA URUD

ain.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

Müstəqillik illəri Azərbaycan poeziyasının formalaşmasında, zənginləşməsində Musa Urud yaradıcılığı bu və ya digər dərəcədə müsbət rol oynamışdır. XX əsrin 80-ci illərinin ikinci yarısında ədəbiyyata gələn Musa Urud özünü bir şair kimi 90-cı illərdə təsdiq etmişdir. Azərbaycan ədəbiyyatının Qərb bölgəsini təmsil edən şairin ilk kitabı 1994-cü ildə Bakıda nəşr edilmişdir. Daha sonra ardıcıl olaraq  onun 90-cı illərdə “Tanrı şam yandırıb” , “Ömürdən 101 şeir”, “Üzü haqqa gedirəm” adlı şeir kitabları çap olunmağa başlamışdır. İlk şeirləri Vətənin təbiəti, gülü-çiçəyi ilə bağlı olan şairin  sonrakı dönəmlərdə başlıca mövzusu Vətənin ağrı-acıları, onun düşmənə qarşı mübarizəsi, Qarabağ dərdi və s. olmuşdur.    Musa Urud yaradıcılığının müxtəlif mərhələlərində sırf təbiət şeirləri yazıb. Kiçik yaşlı uşaqlar və məktəblilər üçün nəzərdə tutulmuş bu tip şeirlər sonralar “Vətən and yerimiz” adlı dərs vəsaiti kimi də dərc edilir. “Zəncirotu”, “Yemişan”,”İtburnu”,”Kəklikotu”, “Yay tətilində”, “Tut ağacının qış yuxusu”, “Yarpaq”, “Niyə yağış yağır” və s. kimi şeirlər onun təbiətə sevgisindən yaranıb. “Sevin bu təbiəti” başlığı altında toplanan bu şeirlər uşaqların mənəvi dünyasının formalaşmasında, təbiəti sevməsində, onu qorumasında, bizcə, mühüm rol oynayar:                                                      Təbiət bir anadı,                                                      Övladıyıq onun biz.                                                      Bulaqlar ana südü,                                                      Doğma Vətən nənnimiz.                                                               Pedoqoji elmlər doktoru, professor Əjdər Ağayev yazır: “ Bədi yaradıcılığa ötən əsrin 80-ci illərində başlayan Musa Urud ilk şeirlərindən özünəməxsus sözü, nəfəsi, deyim tərzi, obrazlı poetik lövhələri ilə diqqəti çəkmiş, istedadlı şair kimi təqdir edilərək  ədəbiyyata qədəm basmışdır”.Musa Urudun yaradıcılığında məhəbbət şeirləri də kifayət qədərdi. “Hər nə varsa...” şeir kitabında onun məhəbbətə həsr etdiyi şeirlər “Sevgiyə gedən yollar” başlığı altında toplanmışdır. “Yeri var”, “Nağıl”, “Necə qoruyaydım”, “Yol ayrıcında”, “Məndən sonra”,  “Qayıtma”, ”Qayıt gəl” kimi onlarca şeir şairin lirik qəhrəmanının mənəvi dünyasını tərənnüm edir. Lakin bu məhəbbət şeirlərinin çoxu itirilmiş Vətəni də təsvir edir. Şair nədən, kimdən, hardan nə yazırsa yazsın ordan mütləq Vətən həsrəti də boylanır:                                          Tutub yaşamağa umud qalmadı,                                          Ruhum qışlamağa bir yurd qalmadı,                                          Musaya o boyda Urud qalmadı,                                          Necə qoruyaydım bu məhəbbəti?!   Başqa bir şeirində şair yenə pıçıldayır: “Nə bu eşqi, nə Urudu,// Nə yarıtdım, nə unutdum,// A gözlərim, o buludu, // Sıxım dağlara-dağlara!”...Müstəqillik illərində şairin yaradıcılığında başlıca yeri Müstəqillik uğrunda gedən mübarizə, 20 Yanvar qırğını, Qarabağ problemi, həmçinin qədim Azərbaycan torpaqları olan Zəngəzur, İrəvan, Göyçə gölü kimi ərazilərin erməni vəhşiliyinin qurbanına çevrilməsini əks etdirən şeir-poemalar tutur. Dədə-baba yurdu olan Zəngəzurun Urud kəndindən didərgin düşməsi şairi yaradıcılığı boyu izləyir:                                 Yüz on evli, yüz min yaşlı Urudum,                                 Sənin üçün darıxmışam, a yurdum...                                ... Babəklərsiz qalıb  “Babək qalası”,                                    Bu qisası alasıyam, alası... Bu şeir haqqında Əjdər Ağayev belə yazır: “Doğulduğu Urud kəndinə həsrətlə boylanan şair ata-ana yurdun təsəllisini bu doğma adı öz adında yaşatmaqla, bir də çağlayan qəlbindən  süzülən arzulu, inamlı misralarda tapır”. Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaranması ilə heç cür  barışmayan şair bir gün geri dönəcəyini poetik şəkildə tez-tez vurğulayır:                                                    Qızıl lalə yanağında qan olub,                                           Sarı sünbül damağında tam olub,                                           Ata-baba ocağımda şam olub,                                           Gecə-gündüz yanasıyam, yanası,                                           Doğma yurda dönəsiyəm, dönəsi!  Hələ ki, şairin şeirlərində yaşayan böyük  Zəngəzur eli, Urud kimi yüzlərlə kənd düşmən, yağı əlindədir. Lakin Musa Urud inamla bildirir ki, “Bu yurdu yağıya verməyəcəyik!”Xalq şairi Nəriman Həsənzadə yazır: “Musa Urud taleyi olan şairdir. Urud onun Vətənidir, taqrixi keçmişi, işıqlı gələcəyidir... Bu balaca Urud kəndi cildlərə sığmır. Musa Urudun humanizmi, insansevərliyi onun şeirlərini əl-əl, sözlərini könül-könül gəzdirməlidir. Gəzdirir də”.    “Gördüm səni Göyçə gölü, // Düşmədi kölgəm üstünə...// “Gördüm səni Ağrı dağı, Qoşun çəkdi qəm üstümə...// Gördüm səni Yazı düzü, Qalmayıb bir dən üstündə...”- deyən şairin Vətən həsrətli şeirləri yetərincədir. “Gəl gedək dağlara”, “Bu dağın dalı”, “Kədərimə söykənən dağ”, “Dağlar yıxılmasın”, “Didərginlik”, “Bir parça Vətən torpağı” kimi şeirləri bu qəbildəndir. Şair üzünü dağlara tutaraq öz həsrətini, qəm-kədərini, vətənsizliyini dilə gətirir, Vətən dağlarını insaniləşdirib onunla dərdləşir. 20 Yanvar faciəsinə həsr etdiyi “Gedirəm şəhid olmağa” şeiri xüsusilə diqqəti çəkir. Şair Vətənin Azadlığı, Müstəqilliyi, Bütövlüyü üçün şəhid olmağa hazırdı. “Vətən-qibləgahım, Azadlıq- andım,// Bilirəm bu yolun qapısı qandı,// Məni Bayraq kimi torpağa sancın,// Gedirəm bu yolda şəhid olmağa!”.Musa Urudun özü şeir haqqında yazır: “Mənim düşüncəmə görə əsl şeir bir neçə keyfiyyəti özündə birləşdirməlidir: şeirdə orjinal fikir olmalıdır, şeirdə hər oxucunun öz düşüncəsincə dəyərləndirdiyi sirli məna qatı olmalıdır, şeirdə qığılcım, daxili enerji və hərəkət olmalıdır...”  Bu mənada Musa urudun orjinal misraları, hər şeirin öz məna yükü və daxili enerjisi oxucusuna da siyarət eləyə bilir.Musa Urudun çap olunmuş beş poeması var. Onun dördü Azərbaycan xalqına qarşı törədilən  erməni vəhşiliyindən, digəri isə Çeçen xalqının azadlıq arzusundan bəhs edir. “Bu dəstə hara gedir” poeması 1988-ci ilin dekabrında Qərbi Azərbaycandan - Zəngəzur mahalının Urud kəndindən zorla çıxarılan 107 nəfərin qarşılaşdığı müsibətləri əks etdirir. Şimali Azərbaycana gələndə artıq onlar zəngəzurlu, urudlu yox, “Didərginlər” adlanırdılar. Real həyat hadisələri ilə zəngin olan, obrazlılığı, bədii sənətkarlıq siqləti ilə seçilən, fərqlənən bu poema şairin  poetik yaradıcılığnda və ədəbiyyatımızda xüsusi yer tutur.                                             İti zəncirdə qalmış,                                             Kütü təndirdə qalmış,                                             Başı kəndirdə qalmış                                             Bu dəstə hara gedir?!  Nəriman Həsənzadə qeyd edir ki, “...Bu poema müasir poeziyamızın şah əsərlərindəndir”.“Urudlular” poeması şairin doğulduğu kəndin tarixindən, yaxın keçmişindən, ağzı dualı nənələrdən, babalardan, bütün Azərbaycana səpələnmiş, hər birisinin ürəyində Urud boyda həsrət olan urudlulardan söhbət açır.                                   Tarix – Vətən, Vətən- Tarix idi Urud.                                    Daş üstündə daşa dönmüş                                   Torpaq altda yatan tarix idi Urud! “Qarabağ balladası” və “Savaş deyir” poemaları Birinci və İkinci Qarabağ müharibələrinin əks-sədasıdır. “Daha səbir qalmayıb, Dözümün dözümü yox,// Bu şeytan düyününü kəsməsən çözümü yox!”- deyən şair “Savaş deyir” poemasında İkinci Qarabağ müharibəsindən, Ali Baş Komandanın səfərbərlik əmrindən, Xalqın qeyrətindən, hərbiçilərin qəhrəmanlığından poetik  boyalarla real, təbii və   səmimi lövhələr yaradır.                            Dildə dua, əldə Quran savaş deyir,                            Ali rəhbər, baş komandan savaş deyir!                            Diz səngərdə, göz hədəfdə, əl tətikdə,                            On milyonluq Azərbaycan savaş deyir! Birinci Qarabağ müharibəsindən fərqli olaraq İkinci Qarabağ müharibəsində Xalq-Dövlət birliyi öz bariz nəticəsini göstərdi. Bu birlik Böyük Zəfəri, Qələbəni təmin etdi. Yağı düşmən qovuldu, yurdlar azad oldu və azad nəfəs almağa başladı. Musa Urud ictimayi-siyasi hadisələrə vaxtında və yerində öz poetik sözünü deyə bilən şairlərimizdəndi. Onun Milli qəhrəmanlarımız haqqında onlarca poetik düşüncələri var. “Paşam hey!”, “Bir igid”, “Oxşama”, “Son döyüş” kimi şeir parçaları igid döyüşçülərin qəhrəmanlıq salnaməsidir:                                         Ruhun-torpaq, Andın-Vətən,                                         Qayıtmadın son döyüşdən.                                         Ölümü öldürüb, ölən,                                          Bu dərddimi, şöhrətdimi!?   Şair, publisist Əkbər Qoşalı Musa urudun poeziyasından söz açarkən yazır: “Musa Urudun poetik dünyası milli dəyərlərə, bəşəri düşüncəyə və bunlarla yanaşı, özünəməxsus üsluba malikdir. Şair-Millət vəkilinin yaradıcılığı oxucunu həm düşünməyə, həm də, necə deyərlər, hiss etməyə sövq edir, toplumdakı mənəvi-əxlaqi qayğılara çəkir”. Bu bir həqiqətdir ki, Musa Urud vətənpərvər şairdir. Vətənini, torpağını, xalqını sevən şair onu bütün misralarında əks etdirərək əbədiləşdirə bilib.Taleh Şahsuvarlının Musa Urud haqqında yazdığı məqalədə bir fikir diqqətimi çox çəkdi: “Bizim, bütün cəmiyyətimizin Zəngəzur ruhunu diri saxlayan insanlar arasında əlimizi tuşlaya biləcəyimiz adamdır Musa Urud – İnsan kimi, Ziyalı kimi, Ədib kimi, Deputat kimi...”  Daha sonra gənc tədqiqatçı yazır: “Azərbaycanın heç bir ziyalısı, içində işıq olan heç bir kimsə Vətən davasına çıxanda təmənna güdməyib. Təmənnamız – fədəkarlıq, fədəkarlıq - əzmimiz olub”.                                                  Beləliklə, Musa Urud yaradıcılığı, xüsusilə poeziyası  Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutmaqdadır. O bu yeri öz taleyindən, didərgin həyatından, ağrı-acısından, Böyük Zəngəzur elindən, torpağından, onun tarixindən yazaraq qazanmışdır. Real həyat hadisələrini, gerçəkliyi təbii, səmimi şəkildə əks etdirən bu əsərlər daima diqqət mərkəzində olmuşdur. Erməni vəhşiliyini, acgözlüyünü, qəddarlığını tək poeziyasında deyil, həm də tarixi əsərlərində, siyasi fəaliyyətində, çıxışlarında sərgiləyən Musa Urud Böyük Sözün ucalığına yüksələ bilmişdir, -desək, səhv etmərik!                                                  

 BAHAR BƏRDƏLİFilologiya elmləri doktoru                                                                     

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
6
1
adalet.az

2Sources