EN

Ağız bakteriyaları infarkt riskini artıra bilər

Finlandiyada aparılan yeni bir araşdırma ağızda olan bəzi bakteriyaların infarktlara birbaşa təsir göstərə biləcəyini üzə çıxarıb.

E-saglam.az xəbər verir ki, Tampere Universitetinin rəhbərlik etdiyi tədqiqatda ürək-damar xəstəliyi olan 200-dən çox pasiyentin damar lövhələri analiz edilib.

Mütəxəssislər bu lövhələrin əhəmiyyətli hissəsində ağız bakteriyalarının genetik izlərini aşkar ediblər. Tədqiqat rəhbəri doktor Pekka Karhunen bildirib ki, uzun müddətdir bakteriyaların ürək xəstəliklərində rolu müzakirə olunsa da, bu günə qədər kifayət qədər inandırıcı dəlillər tapılmamışdı.

Ateroskleroz və infarkt riski

İnfarktların əsas səbəblərindən biri aterosklerozdur. Bu zaman damar divarlarında yağ, xolesterin, kalsium və digər maddələrdən ibarət lövhələr toplanır. Arteriyalar daraldıqda qan axını zəifləyir, bəzən lövhə qoparaq ürək əzələsinə oksigen çatışmazlığı yaradır. Araşdırmada “viridans streptokoklar” adlanan ağız bakteriyalarının damar lövhələrinin təxminən 42 faizində aşkarlandığı bildirilib.

Alimlər müəyyən ediblər ki, bakteriyalar damar lövhələrinin mərkəzində biofilm şəklində gizlənə bilir. Bu formada onlar immun sistemindən qorunur və müəyyən şərtlərdə – məsələn, stress, zəif qidalanma və ya infeksiyalar zamanı aktivləşərək lövhələrin qopmasına səbəb ola bilirlər.

Ağız və ürək sağlamlığı arasındakı güclü əlaqə

Nəticələr göstərir ki, ağız sağlamlığı ürək sağlamlığı ilə düşündüyümüzdən daha sıx bağlıdır. Araşdırmanın müəllifləri qeyd edirlər: “Ağız bakteriyaları sabit damar lövhələrinin zəifləməsində rol oynaya və infarkt riskini artıra bilər”.

Tədqiqatın nəticələri "Journal of the American Heart Association" jurnalında dərc olunub.

E-saglam.az

Chosen
25
e-saglam.az

1Sources