EN

Naxçıvanda ən yüksək əkin subsidiyası məbləğləri təyin edilib

Azərbaycan Aqrar Subsidiya Şurasının yeni qərarı Naxçıvan Muxtar Respublikası üzrə subsidiyaların məbləğlərini əhəmiyyətli dərəcədə artırıb.

Muxtar Respublikanın Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, yeni əmsallar həm əkin, həm məhsul, həm də toxum subsidiyası üzrə fərqli yanaşmanı əks etdirir.

Əsas məqsəd isə Naxçıvanda gəlirli və ixracyönümlü əkinçilik təsərrüfatlarının yaradılması, torpaq və su ehtiyatlarından daha səmərəli istifadə, həmçinin müasir əkinçilik texnologiyalarının tətbiqinin təşviqidir.

Yeni qaydalara əsasən, 2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək Naxçıvanda salınacaq bir sıra meyvə bağlarına ölkədə indiyədək tətbiq olunan ən yüksək birdəfəlik subsidiya məbləğləri ödəniləcək.

Subsidiya əmsalları Naxçıvanın torpaq-iqlim və relyef xüsusiyyətləri nəzərə alınaraq yenidən tənzimlənib. Əvvəlki bir sıra məhdudiyyətlər aradan qaldırılıb.

Mühüm yeniliklərdən biri olaraq, Muxtar Respublikada da intensiv meyvə bağları üçün subsidiya ödənişləri həyata keçiriləcək.

Ötən illə müqayisədə əkin subsidiyası şərtlərində də mühüm dəyişikliklər edilib. Belə ki, bu ildən etibarən əkin sahələrində dəniz səviyyəsindən hündürlük meyarı artırılıb, ting sayı isə azaldılıb. Bu isə fermerlərə daha məhsuldar təsərrüfatlar yaratmağa imkan verəcək.

Qərara əsasən, ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında giləmeyvə bağları da dövlət subsidiyası ilə dəstəklənəcək. Yeni mexanizm çərçivəsində moruq və qarağat bağlarına hər hektar üçün 3 200 manat, böyürtkən bağlarına 10 400 manat, qaragilə bağlarına isə 25 000 manat subsidiya ayrılacaq. Bu göstəricilər, xüsusilə qaragilə üzrə, ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksəkdir. Belə ki, həmin bölgələrdə böyürtkən üçün subsidiya məbləği 3 200 manat, qaragilə üçün isə 20 000 manatdır.

Yüksək subsidiyalar nəzərdə tutulan digər meyvə bağlarına üzüm,armud, şaftalı (nektarin), ərik, püstə, alma, xurma (xirnik), badam, qoz və fındıq da daxildir.

Naxçıvan fermerləri üçün xüsusi müəyyən edilən subsidiyalardan biri də təkrar tərəvəz əkinləri üçündür. Muxtar Respublikada suvarılan ərazilərdə 2026-cı il iyunun 1-dən avqustun 31-dək aparılacaq tərəvəz əkinlərinin hər hektarına 120 manat məbləğində subsidiya ödəniləcək.

Subsidiya əldə etmək üçün fermerlər bir sıra vacib şərtlərə əməl etməlidirlər. Bunlara torpaq analizinin aparılması, aqrar sığortanın mövcudluğu, bağların intensiv və superintensiv texnologiyalarla salınması, ting sıxlığının normativlərə uyğunluğu, damcı suvarma sistemlərinin tətbiqi, sertifikatlı tinglərdən istifadə və bəzi məhsullar üzrə minimal əkin sahəsinin təmin olunması daxildir.

Qeyd edək ki, hər il bitkiçilik sahəsində verilən subsidiyaların tətbiqi üçün Aqrar Subsidiya Şurası tərəfindən əmsallar müəyyən edilir.

Yeni subsidiya mexanizmi məhsuldarlığın artırılması, fermerlərin rifahının yaxşılaşdırılması ilə yanaşı müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, təbii resurslardan səmərəli istifadə edilməsini və sertifikatlı toxum və tinglərdən istifadənin genişləndirilməsini təşviq edən diferensial yanaşmanın tətbiqini mümkün edir.

Chosen
14
8
vergiler.az

9Sources