“Məktəb və bağçalar Qarabağda normal həyatın əsas göstəricisidir” — Ekspert
“Azad edilmiş ərazilərdə məktəbəqədər və ümumi təhsil müəssisələrinin açılması strateji baxımdan çox önəmli addımdır. 243 uşağın məktəbəqədər təhsilə cəlb edilməsi və 6 yeni bağçanın fəaliyyətə başlaması, həmçinin 14 məktəbdə 2807 şagirdin oxuması, yaxın vaxtlarda daha 11 məktəbin istifadəyə verilməsi bu bölgələrin gələcəyi üçün mühüm baza yaradır”.
Bunu təhsil eksperti Əli Əhmədov Demokrat.az-a açıqlamasında deyib.
O deyib ki, təhsil müəssisələrinin açılması sadəcə infrastruktur layihəsi deyil, həm də insanların bölgəyə qayıdışını stimullaşdıran sosial amildir:
“Ailələr üçün məktəb və bağça məsələsi həmişə birinci dərəcəli şərt olub. Uşaqlar üçün normal təhsil şəraiti yaradıldıqca, geri dönüş prosesi daha sürətli və dayanıqlı olacaq. Qarabağda açılan məktəb və bağçalar təkcə bugünkü nəsil üçün deyil, həm də gələcək üçün əsaslı bir investisiyadır. Uşaqlar öz doğma torpaqlarında böyüyəcək, burada təhsil alacaq, sosial mühitə uyğunlaşacaq. Bu, onların bölgəyə mənəvi bağlılığını gücləndirəcək və gələcəkdə daimi yaşayış üçün möhkəm zəmin yaradacaq. Təhsil həm də təhlükəsizlik və sabitliyin təmin olunmasında mühüm rol oynayır. Məktəblərin fəaliyyət göstərməsi həmin ərazilərdə dövlətin idarəçiliyinin möhkəmləndiyini, sosial həyatın normallaşdığını göstərir. Başqa sözlə, təhsil sistemi regionun reabilitasiyasının ayrılmaz hissəsidir. Ümumilikdə, bu layihələr həm dövlətin uzunmüddətli təhsil strategiyasını, həm də azad edilmiş ərazilərdə həyatın bərpası prosesini əks etdirir”.
Leyla Turan
Demokrat.az