EN

Məhkəmədə 1990-cı ildə Azərbaycan ərazilərinin Ermənistandan atəşə tutulması, vəzifəli şəxsin qətlə yetirilməsi ilə bağlı sənədlər elan edilib

Sentyabrın 11-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.

Xezerxeber.az xəbər verir ki, elan edilən sənədlərdən biri 1990-cı il martın 24-də Sədərəyə Ermənistanın Ararat rayonunun Yerasx kəndi tərəfdən 2 ədəd raket atılması faktı ilə bağlı olub. Həmin vaxt raketlərdən biri havada yanıb, digəri isə Sədərək sakini Qasımov İsmayıl Bayram oğlunun həyətindən bir qədər aralıda yerə düşərək partlayıb.

Növbəti sənədlər Şahbuz rayonunun Şada kəndində 6 nəfərin xəsarət alması, Tovuz rayonunun Qışlaq və digər kəndlərin atəşə tutulması faktları ilə bağlı olub. İstintaqla müəyyən edilib ki, Ermənistanın Şəmşəddin rayonundan 1990-cı il martın 27-də saat 17:00 radələrindən başlayaraq saat 00:00-dək Tovuz rayonunun Qışlaq, Yuxarı Hacallı, Əlibəyli kəndləri odlu silahlarla güclü atəşə tutulub. Hadisə zamanı mülki əhali arasında xəsarət alanlar olub.

Bundan başqa, Vəli Zeynalovun öldürülməsi faktı üzrə sənəd də elan edilib. Bildirilib ki, 1990-cı il martın 27-28-də Ermənistandan müxtəlif kalibrli silahlarla Babək rayonunun Gərməçataq kəndinə hücum edilərək 10 ev yandırılıb, Naxçıvan Vilayət Komitəsinin Dövlət hüquq şöbəsinin müdiri Zeynalov Vəli Məmməd oğlu avtomat silahla qətlə yetirilib.

Elan olunan digər sənədə əsasən, 1990-cı il iyulun 11-də Bərdə-İstisu yolunun 93-cü kilometrində Ağdərə rayonunun Qozlukörpü kəndi yaxınlığında 16 ədəd avtomobilin daxil olduğu karvanının avtomat silahlardan atəşə tutulması nəticəsində 3 nəfərin ölüb, 22 nəfər yaralanıb.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Chosen
4
40
xezerxeber.az

10Sources