EN

Həkim xəbərdarlıq edib: “Şəkər əvəzediciləri xərçəngə səbəb ola bilər”

“Şəkərsiz” etiketli məhsullar çox vaxt daha sağlam hesab edilir, lakin müntəzəm istehlak xərçəngə tutulma riskini artıra bilər.

Editor.az xəbər verir ki, bunu endokrinoloq və tibb elmləri doktoru Mariya Matveeva açıqlayıb.

“Tərkibində şəkər əvəzediciləri olan məhsulların tez-tez istehlakı xroniki xəstəliklərin kəskinləşməsinə, ürək-damar və hətta xərçəng xəstəliklərinə tutulma riskini artıra bilər”, – ekspert bildirib.

O qeyd edib ki, belə məhsulların tərkibində ən çox istifadə edilən inqrediyentlər fruktoza və müxtəlif şərbətlər – qarğıdalı, fruktoza və invert şəkərdir.

“Bu maddələrin kalorisi yüksəkdir və adi şəkərdən çox da fərqlənmir, ona görə də onlar xüsusilə faydalı deyil. Kalorisiz tatlandırıcılar daha uyğun hesab olunur — steviya və eritritol. Şəkər spirtlərinə ksilitol və sorbitol daxildir, lakin onlarla da diqqətli olmaq lazımdır”, – Matveeva izah edib.

O, təkcə tatlandırıcıların özlərinə deyil, həm də “şəkərsiz” məhsullarda olan müşayiətedici maddələrə diqqət yetirməyin vacib olduğunu söyləyib.

“Məsələn, Coca-Cola Zero-nun tərkibində tatlandırıcılara əlavə olaraq fosfor turşusu var. Çox vaxt DNT və mitoxondriyaya təsir göstərə bilən aspartam və asesulfam kalium əlavə olunur. Uşaqlar, yeniyetmələr, hamilə qadınlar və mədə-bağırsaq xəstəlikləri olan insanlar bu içkidən istifadə etməməlidirlər. Sağlam bir yetkin gündə bir dəfədən çox içə bilməz”,- deyə xəbərdarlıq edib.

Şəkərsiz şirniyyatlardan istifadə edərkən diqqətli olmaq da vacibdir. Protein peçenyeləri yüksək protein tərkibinə görə bədəni həddindən artıq yükləyə bilər və şokoladda olan şəkər spirtləri tez-tez ishala səbəb ola bilər.

“Yaxşı olar ki, özünüzü bir peçenye və ya bir neçə şokoladla məhdudlaşdırın və onları qəlyanaltı kimi deyil, əsas yeməkdən sonra yeyin. Hətta şəkərsiz məhsullar həddindən artıq istehlak edildikdə heç bir fayda vermir və hətta zərər verə bilər”, – endokrinoloq yekunlaşdırıb.

//Gülnarə Abasova, Editor.az

Chosen
34
editor.az

1Sources