EN

Pakistanda “ASAN xidmət” konsepsiyası tətbiq ediləcək  

Sentyabrın 8-dən 10-dək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan Hökumətinin dəvəti əsasında İslamabad şəhərində səfərdə olub.

Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərək “ASAN xidmət” mərkəzinin yaradılması ilə bağlı Pakistan Hökumətinin iclasını keçirib.

İclas zamanı Pakistanda yaradılacaq “ASAN xidmət” konsepsiyasının təqdimatı olub.

Pakistanın Baş naziri Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzinin onda yüksək təəssürat yaratdığını bildirərək, analoji konsepsiyanın Pakistanda dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsində inqilabi addım olacağını bildirib. Baş nazir “ASAN xidmət” təşəbbüsünün Pakistan Hökumətinin “nağdsız iqtisadiyyat” siyasətini də inkişaf etdirəcəyini və paytaxt İslamabaddan sonra digər şəhər və vilayətlərdə tətbiq olunacağını diqqətə çatdırıb.

Pakistanda “ASAN xidmət” mərkəzinin yaradılması prosesində göstəriləcək dəstəyə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirən Baş nazir müvafiq layihənin iki ölkə arasında iqtisadi əməkdaşlığı daha da gücləndirəcəyini bildirib.

Görüşdən sonra Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Pakistan İslam Respublikasında “ASAN xidmət” təcrübəsinin tətbiqi istiqamətində əməkdaşlığa dair Saziş” imzalanıb.

Sazişin icrası çərçivəsində qısa müddətdə “ASAN xidmət” mərkəzinin Pakistanda fəaliyyətə başlaması nəzərdə tutulur.

Səfər proqramı çərçivəsində Dövlət Agentliyinin sədri ilə Pakistanın informasiya texnologiyaları və telekommunikasiya naziri arasında görüş olub. Həmçinin “ASAN xidmət” mərkəzinin fəaliyyət göstərməsi nəzərdə tutulan bina infrastrukturlarına baxış keçirilib.

Pakistana səfər zamanı Dövlət Agentliyinin sədri Azərbaycanın Pakistandakı səfirliyini ziyarət edib və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub.

Səfər zamanı keçirilən tədbir və görüşlərdə Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov da iştirak edib.

Chosen
13
11
azerbaijan-news.az

10Sources