Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, hər il 60 min nəfər müəllimlərin işə qəbulu (MİQ) imtahanına müraciət edir, lakin onlardan 48 mini imtahana gəlir. Onun sözlərinə görə, bu proses əlavə xərc tələb edir və imtahanın təşkili ucuz başa gəlmir. Nazir qeyd edib ki, imtahanın ödənişli olması müzakirə olunur, lakin məqsəd pul toplamaq deyil, məsuliyyət hissi yaratmaqdır. Şəhid ailələri, sosial yardım alanlar və digər həssas qruplar üçün imtahan ödənişsiz olacaq.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Sona Əliyeva bildirdi ki, məsələni yalnız maliyyə prizmasından yox, həm də sosial ədalət və müəllimlərin üzləşdiyi reallıqlar baxımından da dəyərləndirmək lazımdır.
"Dünyanın əksər ölkələrində müəllimlərin işə qəbul imtahanları ödənişlidir. Türkiyədə KPSS, ABŞ-də Praxis imtahanları, Avropanın bir çox ölkələrində dövlət qulluğu və müəllim seçimi imtahanları üçün ödəniş tələb olunur. Məqsəd yalnız təşkilati xərcləri qarşılamaq deyil, həm də iştirakçılarda məsuliyyət hissini gücləndirməkdir. Azərbaycan da bu modeli tətbiq edərkən sosial ədalət prinsiplərinə riayət etməyə çalışır. Nazirliyin açıqlamasına görə, şəhid ailələri, sosial yardım alanlar və həssas qruplar üçün imtahan pulsuz olacaq ki, bu da müsbət addımdır".
Ekspert qeyd etdi ki, diqqətə alınmalı ən mühüm məqamlardan biri də müəllim namizədlərinin sosial vəziyyətidir:
"MİQ imtahanına qatılanların böyük əksəriyyəti gənclərdir, yeni məzunlardır. Onlar həm hazırlıq kurslarına, həm test materiallarına, həm də gündəlik xərclərə kifayət qədər vəsait ayırırlar. Bu səbəbdən əlavə ödəniş onların üzərinə yeni maliyyə yükü qoymamalıdır. Bundan başqa, imtahana qatılmayan hər kəsi məsuliyyətsiz adlandırmaq doğru olmaz. Regionlardan Bakıya gəlmək üçün yol və şəhərdə qalmaq xərcləri, ailə vəziyyəti və ya başqa sosial səbəblər buna təsir edə bilər. Dövlət bu reallığı nəzərə almalı, məsuliyyət mexanizmləri tətbiq edilərkən müəllimlərin maraqlarını da qorumalıdır".
Müsahibimizin fikrincə, ödəniş tətbiq ediləcəksə, başlanğıcda bu, çox simvolik məbləğ olmalı, gənc müəllimlərin cibinə əlavə yük qoymamalıdır.
"Nəzərə almaq lazımdır ki, regiondan gələn müəllimlər üçün bu imtahan onsuz da kifayət qədər xərc tələb edir. Eyni zamanda bütün sosial həssas qruplar üçün ödənişsiz iştirak hüququ tam təmin edilməlidir.
Dövlət də öz növbəsində imtahanların təşkilində daha az xərcli və çevik mexanizmlərdən istifadə etməlidir. Gələcəyin təhsili məhz bu gənc müəllimlərin əllərində formalaşacaq. Ona görə də onların yolunu bağlamaq yox, əksinə, yolunu açmaq lazımdır", - deyə Sona Əliyeva yekunlaşdırdı.
Xədicə BAXIŞLI
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.