EN

Akademik İsa Həbibbəyli İğdır Universitetinin rektoru professor Ekrem Gürellə görüşüb

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli İğdır Universitetinin rektoru və Türkiyə Azərbaycan Dərnəyinin (TAD) prezidenti professor Ekrem Gürellə görüşüb.
AMEA-nın Rəyasət Heyətində keçirilən görüşdə akademik İsa Həbibbəyli prof. Dr. Ekrem Güreli rektor təyin olunması münasibətilə təbrik edib. Qeyd edib ki, tarixi köklərə dayanan, müasir dövrdə isə təməlləri Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərinə söykənən Azərbaycan ilə Türkiyə arasındakı dostluq, qardaşlıq əlaqələrinin son illərdə Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sıx münasibətləri nəticəsində ən yüksək həddə çatdığını söyləyib. Akademik İsa Həbibbəyli bildirib ki, bu gün hər iki qardaş ölkə bütün sahələrdə möhkəm əməkdaşlıq edir, bütün müstəvidə, beynəlxalq arenada bir-birini dəstəkləyir, həmrəyliyini, qardaşlığını hər kəsə göstərir.
AMEA-nın uzun illərdir qardaş ölkənin akademik elmi qurumları və ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq etdiyini deyən akademik İsa Həbibbəyli İğdır Universiteti ilə birgə əməkdaşlıq üçün bütün imkanlarla dəstək verməyə hazır olduğunu vurğulayıb. AMEA rəhbəri İğdır Universitetində Dədə Qorqud Azərbaycanşünaslıq Mərkəzinin açılmasının və Azərbaycanı əks etdirən kitabxananın qurulmasının, eləcə də Akademiya əməkdaşlarının universitetin tələbələri üçün onlayn dərs keçmələrinin mümkünlüyünü və əhəmiyyətini də diqqətə çatdırıb.
Sonra çıxış edən İğdır Universitetinin rektoru prof. Dr. Ekrem Gürel səmimi qəbula görə minnətdarlığını bildirib, birgə əməkdaşlıqla bağlı təkliflərini səsləndirib. Qeyd edib ki, Azərbaycan alimləri ilə birgə aparılacaq tədqiqatlar yüksək nəticə verə bilər. O, həmçinin İğdır şəhərinin Türk dünyasına açılan qapı olduğunu və universitetdə başda Azərbaycan olmaqla, qardaş ölkələrdən ali təhsil almaq istəyən yeni tələbələrə geniş imkanların tətbiq ediləcəyini bildirib.
Pof. Dr. Ekrem Gürel, o cümlədən İğdır Universitetində AMEA-nın dəstəyi ilə Dədə Qorqud Azərbaycanşünaslıq Mərkəzinin açılmasını, Azərbaycanı əks etdirən kitabxananın qurulması fikrini dəstəkləyib.
Daha sonra bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb, birgə əməkdaşlıq barədə razılıq əldə olunub.
Görüşdə AMEA-nın Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva və İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov da iştirak ediblər.

Chosen
11
3
veteninfo.az

4Sources