ain.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
"Təşkilat daxilində gizli qarşıdurmalar diqqət çəkir"
"Çin iqtisadi yavaşlama ilə üz-üzədir, Rusiya ağır sanksiyalar altındadır"
"Orta Asiya ölkələri isə əsasən tranzit zonası kimi qalır"
"Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) son zirvə toplantısı təşkilatın gələcək rolu və regiondakı perspektivləri barədə ciddi müzakirələrə səbəb oldu. Rəsmi sənədlərdə bu qurum qərbə alternativ əməkdaşlıq platforması kimi təqdim edilsə də, əslində, onun real gücü və birliyi haqqında ciddi suallar qalmaqdadır".
Bu barədə Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib.
Ekspert bildirib ki, əvvəla, təşkilat daxilində siyasi bloklaşma daha çox bəyanatlarla məhdudlaşır:
"İqtisadi əməkdaşlıq istiqamətində də ciddi addımlar görünmür. Çin iqtisadi yavaşlama ilə üz-üzədir, Rusiya ağır sanksiyalar altındadır, Orta Asiya ölkələri isə əsasən tranzit zonası kimi qalır. Təhlükəsizlik sahəsində isə “terrorizm və separatizmə qarşı mübarizə” adı altında əsas hədəf daxili narazılığın susdurulmasıdır.ŞƏT ölkələrinin daxili vəziyyəti narahatlıq doğurur. Çində gənclərin işsizlik faizi yüksəlir, orta təbəqənin həyat səviyyəsi aşağı düşür və bu da öz növbəsində sosial narazılıq riskini artırır. Rusiyada isə slavyan dominantlığının güclənməsi qeyri-rus xalqlar arasında mərkəzdən uzaqlaşma meyillərini gücləndirir. Əfqanıstanda Taliban idarəçiliyi regional sabitlik gətirmək əvəzinə, daha çox qeyri-müəyyənlik yaradır. Nepalda baş qaldıran üsyan isə regionda sosial narazılıqların artmaqda olduğuna işarədir.Bütün bunlar fonunda “Şərq baharı” ssenarisinin yeni dalğasının ŞƏT məkanında da mümkünsüz olmadığını göstərir. “Ərəb Baharı”nı doğuran işsizlik, korrupsiya və avtoritar idarəçilik bu gün Asiyanın böyük hissəsində də aktualdır. Müxalifətin sərt şəkildə sıxışdırılması narazılığı daha da gizli şəkildə böyüdür və partlayış riskini artırır".
Analitik qeyd edib ki, təşkilat daxilində gizli qarşıdurmalar da diqqət çəkir:
"Rusiya və Çin formal olaraq strateji müttəfiqdir, lakin Orta Asiya üzərində nüfuz uğrunda gizli rəqabət aparırlar. Rusiya hərbi-siyasi təsirini qorumağa çalışır, Çin isə iqtisadi ekspansiya ilə regionda mövqelərini gücləndirir. Hindistan və Pakistan arasında davam edən gərginlik isə ŞƏT -nı faktiki olaraq parçalayır. Kəşmir problemi və sərhəd insidentləri təşkilatı əməkdaşlıq platforması olmaqdan çox, rəqiblərin görüşdüyü arenaya çevirir.Son illər Hindistanın Cənubi Qafqaza silah satması isə təşkilatın təsir dairəsini daha da mürəkkəbləşdirib. Dehlinin Ermənistana silah ixracı bir tərəfdən Rusiyanın bölgədəki monopoliyasını sarsıdır, digər tərəfdən Türkiyə-Azərbaycan tandeminə balans yaratmaq cəhdi kimi görünür. Bu, ŞƏT-in yalnız Asiya ilə məhdudlaşmadığını, Cənubi Qafqaz və Yaxın Şərqdə də dolayı təsirə malik olduğunu göstərir. Demokratiya, insan haqları və vətəndaş cəmiyyətinin inkişafı gündəmin kənarında qalır, əksinə, rejimlər bir-birinə legitimlik qazandırmaq üçün bu platformadan istifadə edirlər. Yekunda demək olar ki, yaxın perspektivdə ŞƏT yalnız bəyanatlar səviyyəsində fəaliyyətini davam etdirəcək. Orta müddətdə daxili böhranlar, Hindistan-Pakistan gərginliyi və Rusiya-Çin rəqabəti təşkilatı zəiflədəcək. Uzun müddətdə isə bu qurum yalnız iqtisadi inteqrasiya və sosial inkişaf proqramları ilə yaşaya bilər. Əks halda, “Şərq baharı - 2” dalğası bu regionu da bürüyəcək və ŞƏT -nı sarsıdacaq".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.