EN

Ədəbiyyatdan Azərbaycanda heç kim gəlir əldə etmir... Elçin Mirzəbəyli ilə MÜSAHİBƏ

ain.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavini, Milli Məclisinin deputatı, əməkdar jurnalist Elçin Mirzəbəyli Sfera.az-a müsahibə verib.

Materialı təqdim edirik:

-Elçin bəy, Milli Məclisin payız sessiyasında sizin üçün prioritet qanun layihələri hansılardır?

-Qanun layihələri hələ tam daxil olmayıb. Birinci növbədə, Milli Məclisə daxil olan layihələr komitələrdə müzakirə olunur. Mən iki komitədə təmsil olunuram: Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi ilə Elm və təhsil komitəsi. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinə beynəlxalq sazişlər daxil olur. Elm və təhsil komitəsində isə hələlik bir məsələ daxil olub, lakin müzakirə edilmədiyi üçün bu barədə danışa bilmərəm. Təhsillə bağlı gözləntilər daha çoxdur. Müvafiq qaydada təhsil sahəsində islahatların davam etdirilməsi üçün hüquqi bazanın formalaşdırılmasına ehtiyac var. Gözləntilər zamanla özünü doğruldacaq.

-Azərbaycan-Ermənistan sülh sazişi üzrə son prosesləri necə qiymətləndirirsiniz?

-Bu istiqamətdə müsbət dinamika müşahidə olunur. Azərbaycan tərəfinin mövqeyi bəllidir. Müharibədə qalib gələn tərəf olsaq da, sülh təşəbbüsü ilə ilk çıxış edən də bizik. Bu, sülh prosesinin daha dinamik şəkildə həyata keçirilməsinə şərait yaradır. Digər tərəfdə isə Ermənistanın da müsbət mesajlar verdiyinin şahidi oluruq. Azərbaycanın irəli sürdüyü bir sıra konkret şərtlər var. Onların bir hissəsi yerinə yetirilib, o cümlədən ATƏT-in MİNSK qrupunun geri çağırılması ilə bağlı prosedur tez bir zamanda başa çatdı. Ümid edək ki, Ermənistan konstitusiyasında müstəqillik bəyannaməsinə əsasən, Azərbaycana qarşı irəli sürülən ərazi iddiaları ilə bağlı problem də öz həllini tapacaq. Bundan sonra formal sülh sazişinin imzalanması istiqamətində addımlar atılacaq. İndiki şəraitdə sabitliyin və təhlükəsizliyin davamlı olması üçün sülh daha çox Ermənistana və bütün regiona lazımdır.

-Elm və təhsil komitəsinin üzvü kimi sizcə, Azərbaycanda təhsil sistemində ən aktual problemlər hansılardır? Problemlərin kökündə idarəetmə mexanizminin yanlış qurulması dayanır ya cəmiyyətin biganəliyi?

-Əslində, komitə üzvü kimi qanunvericiliklə məşğul oluruq. Bu sualdakı məqamlarda isə mütəxəssis rəyinə ehtiyac duyulur. Təhsil sahəsində konkret çalışan və idarəetmədə təcrübəsi olanlar bu suala cavab verə bilər. Sadəcə bir valideyn, vətəndaş kimi bu suala cavab verə bilərəm. Ümumi problemlərdən danışmaq çox asandır. Təhsil elə bir sahədir ki, burada davamlı islahaar getməlidir. Təhsildə 3-5 günlük islahat olmur. Davamlı islahatlar üçün zaman lazımdır, həmçinin cəmiyyət buna hazır olmalıdır. Cəmiyyət olaraq təhsilə münasibəti formalaşdırmalıyıq. Nə istəyirik? Övladlarımızın yüksək səviyyədə təhsil almağını istəyirik, lakin bu, təkcə məktəbin öhdəsinə düşən məsələ deyil. Eyni zamanda, övladlarımızın hamısının ali təhsil almağını istəyiriksə, düşünməliyik ki, əmək bazarı gələcəkdə onlar üçün iş tapmaqda problemlər yarada bilər. Bu baxımdan, yanaşma dəqiqləşməlidir. Cəmiyyətin nə istədiyini bilməlidir. Lakin bu istəyə görə təhsil sisteminin formalaşması mümkün deyil. Dövlətin təhsil siyasəti var və bu konsepsiya əsasında da həyata keçirilir.

-Bəs bu problemlər necə həll olunmalıdır?

-Təhsil sistemi bu gün şəxsiyyətin formalaşması üzərində qurulmalıdır. Məni narahat edən əsas məqam budur. Məktəb sadəcə ixtisaslaşmış şəxslər və ya fənn əzbərləyən robotlar yetişdirməli deyil. Azərbaycandakı şagird və tələbələrin əksəriyyəti Azərbaycan və dünya ədəbiyyatından, musiqisindən məlumatsızdır. Təəssüflər olsun ki, cəmiyyət sosial şəbəkələrin təsiri altındadır. Azərbaycanda “TikTok xalqı” formalaşır. Təfəkkür və mədəni səviyyənin aşağı düşməsi nəticə etibarilə təkcə təhsilimiz üçün deyil, bütün sahələrdə ciddi problemlər yaradır. Bu baxımdan, təhsilin rolu şəxsiyyət və vətəndaş yetişdirməkdən ibarət olmalıdır. Daha sonra şəxsiyyət mütəxəssis olanda həmin şəxs elmə daha çox fayda verir. Sevdiyim bir ifadə var: "Əgər sən atoma silah kimi yanaşırsansa, sən dağıdıcı təfəkkürün daşıyıcısısan. Əgər atoma enerji kimi yanaşırsansa, işıqlı düşüncənin daşıyıcısısan və cəmiyyətə daha çox fayda verə bilərsən". Bu baxımdan, atoma enerji mənbəyi kimi baxan insanların yetişdirilməsinin tərəfdarıyam. Şəxsiyyət mütəxəssis olanda həm milli, həm bəşəri dəyərlərə sadiq qalaraq insanlığa böyük fayda verir.

-Sosial şəbəkələrin zərərlərindən danışdınız. Bəs əməkdar jurnalist olaraq bu gün medianın vəziyyətini necə qiymətləndirirsiniz?

-Düşünürəm ki, bu gün “media bizi qane edirmi, necə olmalıdır?” sualına cavab tapmaqdan yayınmalıyıq. Sosial şəbəkələrin yaratdığı çağırışlar qeyri-peşəkarların özünü media təmsilçisi kimi təqdim etmələrinə şərait yaradır. Hüquqi çərçivələr var, “Media haqqında” Qanunla kimin jurnalist olub-olmadığı müəyyənləşib, lakin bundan kənarda da hüquqi baxımdan müdaxilə edə bilmədiyimiz ayrı istiqamətlər var. Sosial şəbəkələrdə bloqer kimi fəaliyyət göstərən, ammma informasiya siyasəti yürüdən insanlara münasibətdə tətbiq edə biləcəyimiz heç bir hüquqi mexanizm yoxdur. Bloqer, vloqer və digərləri ilə bağlı qanunvericilikdə heç bir çərçivə yoxdur. Bu insanlar informasiya daşıyıcısıdırmı, onlar peşəkar informasiya vermək hüququna malikdirlərmi? Görünən də ondan ibarətdir ki, kütlənin yarısından çoxu onların auditoriyasıdır. Bu aspektdən bu məsələlərə həm hüquqi müstəvidə, həm də maarifləndirmə kontekstində daha ciddi yanaşılmasına ehtiyac var. Onlar kimdirlər, statusları nədir, hansı fəaliyyətlə məşğuldurlar? Belə olanda qeyri-qanuni rəqabət meydana çıxır. Bir insan media sektorunda ali təhsil alır, əziyyət çəkir öz üzərində işləyir, media resursu minimum 5-10 işçi saxlayır, onlara əməkhaqqı verir. Digər tərəfdən isə kimsə çıxır bütün reklamları mənimsəyir, özünü də cəmiyyətə obyektiv informasiya daşıyıcısı kimi təqdim edir. Burada ədalət prinsipləri pozulur. Status müəyyənləşməlidir. Söhbət onların biznes subyekti, biznes sahibkarı kimi fəaliyyətindən getmir, onların informasiya yaymaq hüququnun olub-olmadığından gedir. Bu da vacib faktordur.

-Dediniz ki, cəmiyyətin yarısından çoxuna bəzi bloqerlərin söz gücü təsir edir. Bəs politoloq kimi yazılarınızın oxuculara təsiri necədir, sizcə?

-Düzü, bu barədə sorğu keçirməmişəm. Ümumən yazılarıma və ya açıqlamalarıma olan reaksiya, baxış sayını, digər tərəfdən peşəkar analitikaya kütlənin meyl etmədiyini nəzərə alsaq, kifayət qədərdir. Məni dinləyən auditoriya Azərbaycan cəmiyyətinə təsir göstərmək imkanına malik olan, cəmiyyətin şüurunun formalaşması prosesində iştirak edən insanlardan ibarətdir.

-Bu gün rəqabətin artdığı media sahəsindəki gənc qələm sahiblərinə öz jurnalist təcrübənizdən hansı məsləhətləri verərdiniz?

-Birinci növbədə, gənc jurnalistlər baza biliklərini artırsınlar, ixtisaslaşma prosesinə önəm versinlər. Onlar öncədən müəyyənləşdirsinlər ki, hansı sahədə fəaliyyət göstərəcəklər. Siyasi analitika sahəsində boşluq var. Əgər şəxs bu sahə ilə davam edəcəksə, siyasi terminologiyanın, tarixin, politologiyanın elementlərini bilməlidir. Jurnalist hər şeydən məlumatlı olmalıdır. Təəssüflər olsun ki, çox vaxt mən müsahibə verəndə belə qarşımdakı insanın mənim nə dediyimi anlamadığını görürəm. Bu çox ciddi bir problemdir. Həmçinin, bu gün mənbələrlə işləmək üçün dil bacarıqlarına sahib olmaq lazımdır. Təkcə doğma Azərbaycan dilimizlə bütün mənbələrin əlçatanlığını təmin etmək mümkün deyil. Bu səbəbdən jurnalist ən azı 1 dili yüksək səviyyədə bilməlidir. Jurnalistikanın bütün sahələrində yazmağı bacarsınlar, peşəkar olsunlar. Təəssüflər olsun ki, jurnalistikanın janrlarının da kiçildiyinin şahidi oluruq. Son dövrlərdə “banner jurnalistikası” formalaşmaqdadır. Yazılar daha qısadır. Bu informasiyalar insanlarının şüuruna təsir etmirsə, onların heç bir əsası yoxdur. Vizual görüntü də, onun üzərindəki mətn də vacibdir, amma onun emosional təsiri yoxdursa, heç bir effekti olmur.

-Siz həm siyasətdə, həm ədəbiyyatda, həm də media sahəsində fəaliyyət göstərirsiz. Bəs bu ağırlığın içində istirahətə zaman qalırmı, işlərinizi necə çatdırırsınız?

-Hərdən heç özüm də bilmirəm. Sadəcə insanın hədəfi olanda və vaxtını düzgün qiymətləndirməyi bacaranda hər şeyi bacarmaq olur. Mən vaxt öldürməyi sevmirəm. Saatlarla oturub günümü hansısa köşədə keçirməyi vaxt itkisi sayıram. Zamanın qiymətini biləndə çatdırmaq mümkündür.

-Bəs bu üçü arasında seçim etməli olsanız, hansını seçərdiniz: Deputat, yazıçı, yoxsa jurnalist olmaq?

-Deputatlıq peşə deyil, mən peşəkar siyasi analitikəm. Jurnalistika ilə məşğul olduğum zaman kəsiyində də siyasi jurnalistika ilə məşğul olmuşam. Bunlar hamısı bir-biri ilə əlaqəlidir. Ədəbiyyat isə mənim üçün hobbidir. Şeiri, poeziyanı peşə hesab etmirəm. Peşə və ixtisas odur ki, sən o sahədən gəlir əldə edirsən və bununla həyatını tənzimləyirsən. Ədəbiyyatdan isə Azərbaycanda heç kim gəlir əldə etmir. Ədəbiyyat sadəcə mənim mənəvi ehtiyaclarımı ödəyir. Ailəmlə vaxt keçirmək və ədəbiyyatla məşğul olmaqla istirahət edirəm. Deputatlıq isə taleyin mənə bəxş etdiyi böyük şans və missiyadır. Bu gün Azərbaycan Milli Məclisində deputat olmaqdan çox xoşbəxtəm. Seçim qarşısında qala biləcəyim heç bir faktor yoxdur burada. Ədəbiyyat mənim fəaliyyətimə də məne olmur. İş vaxtımda oturub şeir yazmıram. Ümumiyyətlə, bütün gün ədəbi ovqata köklənən insanları anlaya bilmirəm. Söhbət gerçək ədəbi ovqatdan gedirsə, bu, an məsələsidir, ayda, ildə bir dəfə gəlir. Hər gün gəlirsə, deməli, ciddi poeziya deyil.

-Deputatlıq fəaliyyətinizdə ən böyük çətinlik nə olub?

-Prinsip etibatilə başlanğıcda hər şey çətindir. Ədalət, Hüquq, Demokratik Partiyasının sədr müavini olduğum üçün illərdir parlamentari olan sədrimiz Qüdrət Həsənquliyevin fəaliyyətində yaxından iştirak etmişəm, daim insanlarla ünsiyyətdə olmuşam və bu sahədə təcrübəm var. Təbii ki, yeni çağırışlar zamanı dinamikanı müəyyənləşirmək bir qədər çətin olur. Müəyyən detalları da qısa müddət ərzində mənimsəmək mümkün oldu. Cəmiyyətə açıq biri olduğum üçün elə bir ciddi problemlə qarşılaşmadım. Sağ olsun parlamentin rəhbərliyi bütün deputatlar kimi mənim də özümü ifadə etmək və deputat fəaliyyətimi layiqincə yerinə yetirə bilməyim üçün bütün imkanları yaradıb.

-Son kitabınız “Anamın duası”ndan artıq 2 il keçib. Sizin qapınızı ədəbi ovqat nə vaxt döyəcək?

-O dövrdən bu yana çox az yazıram. Problem vaxtla əlaqəli deyil. Onu necə adlandırım bilmirəm, mistik yanaşmaları sevmirəm. “İlham pərisi” və ya nə adlandırırlarsa, bunlar qeyri-ciddidir. Mən bunu ovqat adlandırıram. Yaranan 100 ovqatdan birini qeydə alıram ki, çox ciddi poeziya nümunəsi ortaya çıxsın. Bu səbəbdən çalışıram ki, yazıb sonra üstündən xətt çəkməkdənsə, zəif şeir heç yazmayım. Çox seçici insanam.

-Bir neçə şeirinizə mahnı yazılıb. Bu sahədə nə kimi yeniliklər var?

-Yeni bir mahnı var, bu yaxında təqdim olunacaq. Marşın adı “Qayıdış marşı” adlanır. Bundan başqa ipucu verə bilmərəm.

-Azərbaycan poeziyasında yaradıcı gənclərdən kimləri oxuyursuz?

-Xüsusi olaraq, məhz gənc olduqlarına görə oxuduğum yazıçı yoxdur. Qarşıma çıxanda ilk cümlədən təsir edirsə, oxuyuram. İndi bolluqdur, ədəbiyyatın təqdim olunması üçün platformalar çoxdur. Kitabdan əlavə sosial şəbəkələrdən də oxumaq mümkündür. Mənə təsir edən, titrədən ədəbi nümunələr olur ki, onların arasında gənclər də, orta yaşlılar da, yaşlılar da var. Məsələ insanın hansı yaşa aid olması ilə bağlı deyil, hansı başa aid olması bağlıdır.

-Sizcə, Azərbaycanda gənc yazıçı sadəcə əsərlərindən qazandığı qonorarla normal yaşaya bilərmi?

-Ölkəmizdəki gənc yazıçıların əksəriyyəti jurnalistika, reklam kimi başqa sahələrdə də çalışır. Bu, dünyanın hər yerində belədir. Yazıçı insan istedadının bir küncündən asılı olmalı deyil. O, qazanc əldə edə biləcəyi işlə məşğul olmalıdır. Çox saylı film, reklam ssenarisi yazmaq olar. Ədəbiyyatdan pul qazanmaq mümkündür, lakin əsər yazmaqla yox. Son illər ərzində kütləvi satılan şeir kitablarının şahidi olmamışam. Elə biri yoxdur ki, sadəcə kitab sataraq dolansın. Əgər belə biri varsa, çox təəccübləndirici olar. Nasirlər isə cüzi də olsa, öz yazdıqları əsərlərlə müəyyən vəsait qazana bilirlər. Lakin mən o əsərlərin keyfiyyətindən danışmayacağam. Bəziləri kütləyə hesablanmış dedektiv janrda olan əsərlərdir. Yenə də dedektiv janra ədəbiyyat deyil deyə bilmərəm, doğru olmaz.

-Bu sahənin inkişafı üçün hansı işlər görülməlidir?

-Bu, birbaşa cəmiyyət və iqtisadiyyatla bağlı olan məsələdir. İnsanların kitaba meyli olmalıdır. İqtisadi imkanlar geniş olmalıdır, insanın özünə sərf etməyə zamanı qalmalıdır. Belə olan halda, kitab oxuyanların sayında artım ola bilər, amma bu da yüz faizlik həll yolu deyil. Öncəliklə, kitab oxumaq insanın mədəni səviyyəsindən asılıdır. Dediyim kimi, mədəni səviyyənin necə olması insanın zövqünü və hobbisini müəyyənləşdirir. Kimi kitab, kimi “TikTok”da xəbər başlıqları oxumağı sevir. Hər şey insana bağlıdır.

-AYB-də Anardan sonra rəhbər olaraq kimi təsəvvür edirsiniz?

-Mən o məsələlərə müdaxilə etmirəm. AYB-nin olması vacibdir. Hər halda heç kimə mane olmur. Yazıçıların toplaşdığı, yığışdığı bir ocaqdır. İnsanlar üçün doğmadır, bəziləri üçün isə deyil. Müxtəlif yanaşmalar var. Allah Anar müəllimə ömür versin. Düşünmürəm ki, AYB kimisə şair və ya yazıçı edir. Bu, fitrətdən, Allahdan gəlməlidir, ya var, ya yoxdur. Bu səbəbdən birliyin qalmasını arzulayıram, yaradıcı birliklərin darmadağın edilməsinin tərəfdarı deyiləm. Bəziləri hesab edir ki, yaradıcı birliklər onların fərdi yaradıcılıqlarına maneə yaradır. Xoşun gəlmirsə, getmə, üzv olma. Gələcəkdə model kimi necə formalaşacağını bilmirəm. Daha parlaq layihələrin şahidi olar. AYB həm də gənclərin layihələrinə dəstək verən təchizata çevrilsin. Mexanizm kimi necə olacağını deyə bilmərəm. Bu, elə onların işidir. AYB haqqında bu qədər neqativin olmasını da ədalətsizlik hesab edirəm. Bu günə qədər AYB-yə qarşı savaş açan insanların əksəriyyəti daha sonra müəyyən maraqları təmin olduğu üçün gündəmdən çəkiliblər. Bəlli olub ki, bu insanların istedadları elə də parlaq deyil, sadəcə gündəmə gəlmək üçün bu və ya digər şəkildə hansısa birliyi hədəf alıblar. AYB olmadan da yaşamaq mümkündür. Bu modeli qəbul etməyən ya fərqli bir model yaratsın, ya da modellərdən imtina edib fərd olaraq yoluna davam etsin. AYB üzvü olmasa da, kifayət qədər parlaq ədəbi nümunələri olanlar var.

-Siz həm ədəbi aləmin, həm də siyasi arenanın içindəsiniz. Sizcə, dost qazanmaq daha çox hansı dünyada çətindir —söz adamlarının məclisində, yoxsa siyasət meydanında?

-Birmənalı olaraq ədəbi aləmdə dost tapmaq daha çətindir. Bu və ya digər sahədə olan hamıya hörmətlə yanaşıram. Əslində, siyasətlə dost tapmağın çətin olduğunu deyirlər, lakin bu, yanlış düşüncədir. Ədəbi mühitdə baş verənlərin heç biri siyasətdə baş vermir. Siyasət mürəkkəb gedişlərin, kombinasiyaların məcmusudur. Ədəbiyyatda isə mürəkkəb kombinasiyalar yoxdur, orada daha çox "badalaq siyasəti" var.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
22
1
icma.az

2Sources