EN

Rusiyanın dron sınağı: NATO sərhədlərində boşluqlar üzə çıxdı - ÖZƏL

"Rusiyanın çoxsaylı PUAlarının Polşa hava məkanına daxil olması təsadüf sayıla bilməz. Çünki 1, 2, 5, 10 deyil,  400-ə yaxın olan uçan aparat əgər başqa dövlətin hava məkanında peyda olursa, deməli burada hansısa hesablama, hansısa məqsəd var". 

Bu fikirləri politoloq Tofiq Abbasov Olaylar.az-a açıqlamasında söyləyib: 
" Məsələ bundan ibarətdir ki, o PUAların daha çoxu Belarusun ərazisindən keçib.  Belarusla Polşa arasında bilavasitə sərhəd var. Bilirik ki, Belarusla Rusiyanın ittifaq dövləti var. Faktiki olaraq, bunlar iki hissədən ibarət, vahid bir məmləkət kimi sayılır. Həm  strateji tərəfdaşdırlar, həm də hərbi müttəfiqdirlər. Görünür ki, Moskva ilə Minsk razılaşdırılmış bir aksiyanı həyata keçiriblər və bunun bir neçə məqsədi ola bilər.  İlk növbədə bu zondaş məqsədidir. Məsələn,  kosmik gəmilər artıq ay üzərində olduqda onlar  zondlarını torpağa salırlar. Və onun xasiyyətini öyrənirlər. Zondaş burada kəşfiyyat anlamına gələn məsələdir. Düşünürəm ki, bu təsadüfi deyil.  Çünki birincisi, NATO-nun hüdudlarının şərq bölgəsində bəzi boşluqlar var. Ona görə də NATO rəhbəri dərhal məsələyə münasibət bildirib. Rusiyada Kremli təmsil edən Peskov- Vladimir Putinin sözçüsü bu dəfə şərh deməkdən  yayınaraq deyib ki, bu, Müdafiə Nazirliyinin izah etməli olduğu bir məsələdir.
Bu, ondan xəbər verir ki, bu təsadüfi aksiya deyil, burada konkret məqsədlər var. Əsas məqsəd odur ki, görsünlər, NATO-nun hava hüdudları nə dərəcədə qorunur. Digər tərəfdən, həm qərbdə, həm şərqdə yeni genişmiqyaslı müharibənin, Rusiya ilə NATO arasındakı mümkün müharibənin anonsları verilir və bu heç də zarafat deyil. Məqsəd odur ki, Rusiya göstərir: əgər mənim  Ukraynada kifayət qədər resursum varsa və orada qanlı döyüşlər aparıramsa, bir neçə cəhbəyə də öz resursumu ayıra bilərəm. Mən hətta yeni cəbhələrdə də vuruşa bilərəm. Bunun üçün   demoqrafik resursum, bacarığım və ehtiyatlarım var.  Düşünürəm ki, Amerikanın reaksiyası da çox vacibdir. Əsas isə Donald Trampın reaksiyasıdır. O, birinci gün bu məsələyə heç münasibət bildirmədi. Bəli, Amerikanın bəzi konqresmenləri və siyasətçiləri məsələyə münasibət bildiriblər, Rusiyanı qınayıblar.  Amma görürük ki,  Donald Tramp öz marağını əks etdirməyib.  Yəni, düz yerdə Rusiya ilə yeni bir münaqişə yaşamaq istəmir. Alyaskadakı  görüşdən sonra hələ ki, onların münasibətlərində kiçik bir fasilə   elan edilib. Ancaq hər halda Donald Tramp çalışır ki, yumşaq variantlarla, yumşaq təsirlərlə Rusiyanı vadar etsin ki, Rusiya meydandan qaçmasın,  digər tərəfdən də  Amerika ilə təmasını kəsməsin.  Daha çox Avropanı təhrik edir ki, onlar Çinə və Hindistana təzyiq göstərsinlər. Beləliklə həmin iki ölkə Rusiyadan enerji resurslarını almasın. Yəni Rusiyanı iqtisadi cəhətdən çökməyə məcbur etməyə çalışırlar. Ancaq inanmıram ki, bu məsələlərin hamısı uzaq mənzilli gediş kimi gerçəkləşsin.  Çünki Rusiya faktiki olaraq hələ ki, heç bir səfərbərliyi elan etməyib. NATO-nun nizamnaməsindəki dördüncü bəndi, formal olaraq, o, işə düşə bilər, amma mənə elə gəlir ki, nə NATO-nun, nə də Rusiyanın marağındadır ki, rəsmi Brüssel bu dron hadisəsini artıq müharibəyə səbəb kimi dəyərləndirsin və açıq şəkildə bildirsin ki, müharibəyə hazırdır və başlamaq üzrədir.
İndi vəziyyət ümumiyyətlə dünyada çox kövrəkdir, çox qeyri-stabildir və inanmıram ki, hər hansı tərəf indi özünə cəsarət göstərərək belə bir anlaşılmaz addım atsın və ya qərar versin. Hər halda, düşünürəm ki, diplomatik baxımdan tərəflərin hamısı danışıqlara başlasınlar, distant şəkildə mövqelərini bildirsinlər və həm də konsensusa gəlsinlər ki, oldu, keçdi, getdi. İndi təsadüfən olub, zəlzələdən olub, bədbəxt hadisədən olub, amma biz istəmirik ki, məsələ qəlizləşsin və bütün qırmızı xətləri keçmiş olaq. Düşünürəm ki, Rusiya artıq özünəməxsus kiçik bir üstünlük qazandı. Çünki faktik olaraq, 400 uçan aparatın birdən birə   başqa ölkənin hava məkanına getməsi və onların sonradan bununla xəbər tutmaları və gec reaksiyaya vermələri artıq göstərir ki, bəli, Rusiya öz istəyinə nail oldu. Yəni onları yoxladı  və gördü ki, NATO və onun ayrı-ayrı üzvləri, xüsusilə şərq cinahında o qədər də ayıq-sayıq deyillər. Eləcə də Rusiya bu boşluqlardan özü istifadə edə bilər". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
46
olaylar.az

1Sources