EN

Cənubi Qafqazda yeni reallıqlar: Bakı hansı istiqaməti seçməlidir?

Azərbaycanın hazırkı siyasi gündəmi regionda formalaşan yeni geosiyasi reallıqlar fonunda daha da aktuallaşıb. Vaşinqtonda imzalanmış sənəd Cənubi Qafqazda balansı dəyişdirən mühüm hadisədir və bu, Bakının qarşısında yeni diplomatik, iqtisadi və təhlükəsizlik çağırışları yaradıb. Rusiya ilə Qərb arasında davam edən rəqabət, həmçinin enerji layihələri ətrafında gedən proseslər Azərbaycanın xarici siyasətində incə manevrlər etməsini tələb edir. Belə bir şəraitdə Azərbaycanın prioritet istiqamət seçimi – Rusiya ilə münasibətlərin balanslı saxlanılması, yoxsa Qərblə strateji tərəfdaşlığın dərinləşdirilməsi məsələsi siyasi gündəmin mərkəzinə çevrilib.

Politoloq İlyas Hüseynov Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycan xarici siyasətində hər zaman milli maraqları əsas götürüb və müxtəlif mürəkkəb vəziyyətlərdə doğru seçim etməyi bacarıb.

 

Onun sözlərinə görə, Azərbaycanın strategiyası qısamüddətli epizodlara və geosiyasi konyunkturaya əsaslanmır, əksinə, uzunmüddətli və hədəflənmiş siyasi kurs üzərində qurulub:

“Ölkəmiz tarixən regiondakı ziddiyyətlər və qarşıdurmalar fonunda heç bir geosiyasi mərkəzə birtərəfli üstünlük vermədən çoxvektorlu siyasət yürüdüb. Bu yanaşmada müttəfiqlər, strateji tərəfdaşlar və yaxın qonşular – xüsusilə də qardaş Türkiyə ilə əlaqələr mühüm rol oynayır”.

Onun sözlərinə görə, Azərbaycanı yalnız Rusiya və Qərb arasında seçim qarşısında təsəvvür etmək doğru deyil:

“Azərbaycan həm Rusiya ilə balanslaşdırılmış siyasəti qorumağa, həm də Qərbin siyasi institutları və enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirməyə çalışır. Əsas hədəf heç vaxt bir güc mərkəzindən digərinə qarşı istifadə olunmaq olmamışdır. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qazandığı diplomatik uğurlar da göstərir ki, yürüdülən siyasət etibarlı, uzaqgörən və gələcəyə hesablanmışdır.”

//Gülnarə Abasova, Editor.az

Chosen
19
editor.az

1Sources