EN

Kremlin Azərbaycandakı şəbəkəsi necə iflasa uğradı? - ŞOK FAKTLAR

Rusiyanın müxalif "The Insider" nəşri Kremlin postsovet ölkələrində kəşfiyyat fəaliyyəti ilə bağlı gizli sənədlər dərc edib.

Modern.az-ın məlumatına görə, sənədlər Kremlə tabe olan xüsusi xidmət orqanlarının postsovet məkanında, o cümlədən Azərbaycanda və Ermənistanda iflasa uğradığını göstərir.

Bildirilir ki, Moskvanın “yumşaq güc” siyasəti korrupsiya, uğursuzluq və qeyri-peşəkarlıq səbəbindən puç olub.

Nəşrin iddiasına görə, Azərbaycan üzrə “kuratoru” QRU-nun (Baş Kəşfiyyat İdarəsi) zabiti Valeri Çernışov olub. Onun hesabatlarında azərbaycanlı məmurlar, hərbçilər və ictimai fəallar barədə məlumatlar yer alıb.

Çernışov Kremlə təqdim etdiyi qeydlərdə açıq şəkildə bildirib ki, Azərbaycanda Rusiyanın maraqlarını təbliğ edə biləcək real qurumlar yoxdur. Təklif edilib ki, QHT-lər yaradılsın, onların fəaliyyəti sərhəd bölgələrində, tələbələr və gənclər arasında, həmçinin rusdilli mühit və mədəni layihələr üzərində qurulsun. Məqsəd Azərbaycan cəmiyyətini “içəridən işləmək” idi.

Amma bütün planlar kağız üzərində qalıb. Sənədlərdə etiraf olunur ki, “dostluq layihələri”nə 100 milyon dollardan çox vəsait xərclənib, amma nəticə olmayıb. Seminar və konfranslara əsasən diplomatların qohumları qatılıb, hesabatlarda isə feyk fotolardan istifadə olunub. “Hamısı formal idi. Pul yeyilirdi, içki içilirdi, amma nəticə sıfır idi”, - əməkdaşlardan biri etiraf edib.

Ermənistan üzrə fəaliyyətə isə QRU zabiti Dmitri Avanesov nəzarət edib. O, hökumətdəki “casus” vasitəsilə baş nazir Nikol Paşinyanın hər addımını izləyib. Gizli sənədlərdə Paşinyan “Boroda” (saqqalı) kod adı ilə qeyd olunub və onun bütün görüşləri, qərarları Kremlə çatdırılıb.

Kremlin bu fəaliyyətinin başlanğıcı 2005-ci ilə gedib çıxır. Ukraynadakı “narıncı inqilab”dan sonra Vladimir Putin “məxməri inqilabların qarşısını almaq” üçün xüsusi departament yaradıb. Lakin illər keçdikcə bu departament korrupsiya mənbəyinə çevrilib. Gürcüstanda “Patriotlar Alyansı”na ayrılan 10 milyon dolların nəticəsində partiya cəmi 3 faiz səs toplayıb. Moldovada, Baltikyanı ölkələrdə də uğursuzluqlar ard-arda yaşanıb.

Sənədlərdə Rusiyanın təsir layihələrinin acınacaqlı mənzərəsi təsvir olunub, gənclərin Qərb dəyərlərinə üstünlük verdiyi, tədbirlərə isə yalnız “pulsuz qəhvə və sendviç üçün” gələnlərin qatıldığı qeyd olunub. Hətta jurnalistləri agent kimi qazanmaq cəhdlərində belə səhvlər buraxılıb, məsələn, uzun illər əvvəl iş yerini dəyişmiş şəxslər “bizim adam” kimi siyahıya salınıb.

2024-cü ildə Putin uğursuzluqları ört-basdır etmək üçün “Regionlararası və mədəni əlaqələr departamenti”ni ləğv edib, onun yerində “Strateji tərəfdaşlıq üzrə Baş idarə” yaradıb. Amma ekspertlər hesab edir ki, struktur dəyişikliyi mahiyyəti dəyişməyib, Kreml milyonlarla dolları havaya sovurub, amma təsir imkanlarını itirib.

Rusiya illərlə “yumşaq güc” adı altında milyardlarla rubl xərcləyib, amma postsovet məkanında nüfuzunu qoruyub saxlaya bilməyib.

Chosen
21
4
modern.az

5Sources