EN

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclası keçirilib -Foto



Sentyabrın 11-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2025-ci ilin payız sessiyasında ilk iclası keçirilib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İclası açan komitə sədri Fazil Mustafa qarşıdan gələn sessiyada komitə üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıb.

Fazil Mustafa ilk öncə İctimai birliklər və dini qurumlar komitəsində 2025-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə məlumat verib. Bildirilib ki, ötən sessiya müddətində komitədə 6 iclas keçirilib, ümumilikdə 12 məsələyə baxılıb. Komitə sədri ötən sessiyada “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda ictimai dinləmənin keçirildiyini, komitə üzvlərinin müxtəlif tədbirlərdə, vətəndaş qəbullarında fəal iştirak etdiklərini bildirib.

Daha sonra komitə sədri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2025-ci ilin payız sessiyası üçün iş planının layihəsini təqdim edib. Bildirilib ki, növbəti sessiya dövründə qanunvericilik təşəbbüsü subyektləri tərəfindən təqdim olunan və komitənin fəaliyyət sahəsinə aid olan qanun layihələri müzakirə ediləcək, dinləmələr təşkil olunacaq, Parlamentin müvafiq komitələrinin iştirakı ilə işğaldan azad edilmiş ərazilərdəki dini abidələrin bərpası zamanı üzə çıxan problemlər və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması məsələləri ictimai müzakirəyə çıxarılacaq.

Müzakirələr zamanı komitənin üzvləri Ceyhun Məmmədov, Tənzilə Rüstəmxanlı, Azər Allahverənov, Səbinə Salmanova, Elşad Musayev və Cavanşir Paşazadə çıxış edərək məsələlərlə bağlı fikir və təkliflərini bildiriblər.

İclasın sonunda ötən sessiyada komitədə görülmüş işlər qənaətbəxş hesab olunub, 2025-ci ilin payız sessiyası üçün iş planının layihəsi təsdiq edilib.
Tədbirdə komitənin üzvləri Azay Quliyev, Mixail Zabelin, Anatoliy Rafailov və digər rəsmi şəxslər iştirak ediblər.




Chosen
3
3
aia.az

4Sources