AMEA-nın prezidenti akademik İsa Həbibbəyli İğdır Universitetinin rektoru və Türkiyə Azərbaycan Dərnəyinin prezidenti professor Ekrem Gürellə görüşüb. Bu barədə SİA-ya akademiyadan məlumat verilib.
AMEA-nın Rəyasət Heyətində keçirilən görüşdə akademik İsa Həbibbəyli professor Ekrem Güreli rektor təyin olunması münasibətilə təbrik edib. Qeyd edib ki, tarixi köklərə dayanan, müasir dövrdə isə təməlləri Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərinə söykənən Azərbaycan-Türkiyə əlaqələri son illərdə Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sıx münasibətləri nəticəsində ən yüksək səviyyəyə çatıb.
AMEA-nın uzun illərdən bəri qardaş ölkənin akademik elmi qurumları və ali təhsil müəssisələri ilə əlaqələrini diqqətə çatdıran akademik İsa Həbibbəyli İğdır Universiteti ilə də əməkdaşlıq üçün bütün imkanlarla dəstək verməyə hazır olduğunu vurğulayıb. AMEA rəhbəri İğdır Universitetində Dədə Qorqud Azərbaycanşünaslıq Mərkəzinin açılmasının və Azərbaycanı əks etdirən kitabxananın qurulmasının, eləcə də Akademiya əməkdaşlarının universitetin tələbələri üçün onlayn dərs keçmələrinin mümkünlüyünü və əhəmiyyətini diqqətə çatdırıb.
Görüşdə İğdır Universitetinin rektoru professor Ekrem Gürel əməkdaşlıqla bağlı təkliflərini səsləndirib. Qeyd edib ki, Azərbaycan alimləri ilə birgə aparılacaq tədqiqatlar yüksək nəticə verə bilər. O, həmçinin İğdır şəhərinin Türk dünyasına açılan qapı olduğunu və universitetdə başda Azərbaycan olmaqla, qardaş ölkələrdən ali təhsil almaq istəyən yeni tələbələrə geniş imkanların tətbiq ediləcəyini bildirib.
Professor Ekrem Gürel İğdır Universitetində AMEA-nın dəstəyi ilə Dədə Qorqud Azərbaycanşünaslıq Mərkəzinin açılmasını, Azərbaycanı əks etdirən kitabxananın qurulması fikrini dəstəkləyib.
Daha sonra bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlıq barədə razılıq əldə olunub.