EN

"Rusiyada bəzi qüvvələr hələ də imperiya təfəkkürü ilə yaşayır" - MÜSAHİBƏ

Milli Məclisin sədr müavini Ziyafət Əsgərov Teleqraf-ın suallarını cavablandırıb.
 
Moderator.az həmin müsahibəni təqdim edir:
 
- Ziyafət müəllim, Ermənistan tərəfinin sülh və Zəngəzur dəhlizinin açılmasına dair mesajları var. Bu bir tərəfdən erməni cəmiyyətinin sülhə hazırlıq prosesi kimi də dəyərləndirilir. Uzun on illiklər nifrət və ərazi iddiası kimi yanlış ideologiyaya ilə yaşamış cəmiyyətin yeni reallığa münasibəti necə olacaq?
 
- Ermənistanın Baş naziri Nikol Paşinyanın və parlamentin spikeri Alen Simonyanın sülh, Zəngəzur dəhlizi ilə yanaşı digər mövzulara aid bəyanatları daha çox daxili auditoriyaya hesablanıb. Çünki uzun on illiklər yanlış ideologiya ətrafında təbliğata cəlb edilmiş erməni cəmiyyətinə əsl reallıqlar deyilməlidir və onlar bunu qəbul etməlidir. Azərbaycan tərəfi hər zaman sülh tərəfdarı olub. Məhz avqustun 8-də ABŞ-də Azərbaycanın iradəsinə əsaslanaraq Bakı ilə İrəvan arasında vacib razılaşmalar əldə edildi, sülh sazişinin mətni paraflandı. Ölkəmizin də əsas mövqeyi bundan ibarətdir. Erməni tərəfi də buna gedirsə, bu proseslərin müsbət sonluqla yekunlaşmasına zəmin yaranacaq. Amma təəsüf ki, Ermənistanda olan revanşist qüvvələr Azərbaycanla sülh sazişinin imzalanmasında maraqlı deyillər. Onlar hələ də “bəlkə qaytardılar” xülyası ilə yaşayırlar. Hətta bəziləri Qarabağa aid iddialardan əl çəkmir. Eyni zamanda Ermənistandan kənarda da bəzi qüvvələr Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına hər vəchlə maneə olmağa can atırlar.
 
 
- Sülh prosesinə maneə olan kənar qüvvələr dedikdə konkret kimləri və hansı ölkələri nəzərdə tutursunuz?
 
- Misal olaraq Rusiyada müəyyən qüvvələr var ki, onlar Kremldən kənarda Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında maraqlı deyillər. İddia edirlər ki, bu saziş Rusiyanın iradəsindən kənarda imzalanacaqsa, bununla Moskva regiondan uzaqlaşdırılmış olacaq. Təəsüf ki, hələ də Rusiyada imperiya düşüncə ilə yaşayan insanlar var. Onlar da iddia edirlər ki, Rusiya Cənubi Qafqazda olmalıdır və s. Amma bu qüvvələr birdəfəlik başa düşməlidir ki, Azərbaycanda heç bir kənar qüvvənin iradəsi mövcud ola bilməz. Azərbaycan müstəqil dövlətdir olaraq siyasət aparır. Bu mənada ölkəmizin daxili və xarici siyasətinə heç bir dövlət təsir edə bilməz. Hələ də imperiya düşüncəsində olan insanlar “Çar Rusiyası” və “imperiya” təfəkküründən xilas olmalıdır. Çünki bu günün reallığı tamam başqadır. Azərbaycan beynəlxalq hüququn müstəqil subyektidir və heç kəsin gəlib burada “mənim təsir zonam olmalıdır” deməsi absurd iddiadır. Bu mümkün deyil.
 
- Ermənistan-Rusiya münasibətləri bu prosesdə nə dərəcə təsirli rola malikdir?
 
- Bu ölkə həmişə Rusiyanın forpostu rolunda çıxış edib. Paşinyanın hakimiyyətə gəlişindən sonra isə İrəvan-Moskva münasibətlərində gərginlik yaranıb. Bu gərginlik hələ də qalmaqdadır. Çünki Kreml yenə də Ermənistanı öz təsirində saxlamaq istəyir. Bu sözsüz ki, Ermənistan-Rusiya münasibətlərinə aid məsələdir.
 
 
- Zəngəzur dəhlizinin açılmasına qarşı kənar təsirlərin rolu gündəmə gətirilir. Prosesə kim əngəl ola bilər?
 
- Aqustun 8-də ABŞ-də Zəngəzurdan keçən dəhlizin açılması ilə bağlı bəyanat imzalanıb. Ermənistanın Baş naziri də bu sənədə imza atıb. Ermənistan tərəfi də anlamalıdır ki, regional kommunikasiya xəttləri açılmayana, Azərbaycan və Türkiyə ilə münasibətlər sahmana salınmayana qədər bu ölkənin heç bir perspektivi yoxdur. Ermənistan bu regionda müstəqil dövlət kimi mövcud olmaq, yaşamaq istəyirsə, erməni xalqının da bu reallıqdan bəhrələnmək niyyəti varsa, o zaman Azərbaycanla sülh istiqamətində fundamental addımlar atılmalıdır.
Chosen
11
2
moderator.az

3Sources