EN

Nikola Saporiti: "IFC Bakı və Abşeron üçün 30 illik su təminatı layihəsini razılaşdırır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Bakı və Abşeronun gələcək 30 illik su təminatını əhatə edəcək infrastruktur layihəsi üzrə hökumətlə müzakirələri hazırda davam etdirir.
Oxu.Az xəbər verir ki, bunu "Report"a IFC-nin baş investisiya mütəxəssisi Nikola Saporiti bildirib.
Onun sözlərinə görə, IFC Dünya Bankı Qrupunun bir hissəsi olaraq, infrastruktur layihələrini, o cümlədən su sektorunda özəl sektor tərəfindən maliyyələşdirilən layihələri dəstəkləyir və Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması üzrə Dövlət-Özəl Tərəfdaşlıq (PPP) müqaviləsinin hazırlanmasında iştirak edir:
"Nəzərdə tutulan layihə üçün İqtisadiyyat Nazirliyi ilə müqaviləmiz var. Layihənin kommersiya və texniki tərəflərinin hazırlanması, həcminin və yerləşməsinin müəyyənləşdirilməsi, müqavilə şərtlərinin tərtibi və risklərin qiymətləndirilməsi üzrə dəstək veririk. Hazırda "ACWA Power" şirkəti ilə hökumət arasında Bakı və Abşeronun 30 illik su təminatını əhatə edəcək infrastruktur və əməliyyat müddətinə dair müqavilə üzrə müzakirələr davam edir".
N.Saporiti əlavə edib ki, tender prosesi ötən ilin noyabr ayında baş tutub və Azərbaycan hökuməti "ACWA Power"in təklifini ən uyğun hesab edib:
"Yaxın həftələrdə müqavilənin imzalanmasından sonra "ACWA Power" layihənin maliyyələşdirilməsi üçün beynəlxalq banklarla danışıqlar aparacaq və ən sərfəli şərtlərlə layihəni həyata keçirəcək. Layihənin məqsədi Bakı və Abşeronun su təminatının gücləndirilməsi və alternativ su mənbələrindən istifadənin genişləndirilməsidir".
Qeyd edək ki, layihə Sumqayıt Kimya Sənaye Parkının ərazisində gündəlik gücü 300 min kubmetr olan dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisini nəzərdə tutur. Layihənin "ACWA Power" və Türkiyənin "IC İçtaş İnşaat" şirkətinin daxil olduğu konsorsium tərəfindən həyata keçirilməsi planlaşdırılır.
Sazişin şərtlərinə görə, layihənin icra müddəti 27.5 il təşkil edəcək, bu müddət bitdikdən sonra obyektin idarəçiliyi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə veriləcək.
Tikinti işlərinin 2.5 il ərzində başa çatdırılması planlaşdırılır.
Chosen
16
1
oxu.az

2Sources