EN

Təhsilli gənclər güclü Azərbaycanın zəmanətidir

Ağstafa rayonunda ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərlə möhtəşəm görüş keçirilib. “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunan bu mənalı tədbir, “Suveren ölkənin təhsilli gəncləri” mövzusuna həsr olunub. Görüş Ağstafa rayon Heydər Əliyev Mərkəzində, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayonu üzrə Təhsil sektoru və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, hüquq-mühafizə orqanlarının rəhbərləri, digər  məsul şəxslər, müəllimlər, ictimaiyyət nümayəndələri və təhsildə fərqlənən gənclər iştirak ediblər.

Görüşdən əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsini ehtiramla anıblar. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən RİH başçısı Seymur Orucov bildirib ki, bu gün təhsilli, düşüncəli və vətənpərvər gənclərin yetişməsi Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu təhsil siyasətinin, bu siyasətin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Vurğulanıb ki, ölkəmizin ərazi bütövlüyünün təmin olunması da məhz düşünülmüş siyasi kursun, o cümlədən təhsilin və gənclərin inkişafına yönəlmiş strategiyanın bəhrəsidir.

Tədbirdə çıxış edən Ağstafa rayon prokuroru Anar Cəfərov, Təhsil sektorunun müdiri Mədəd Zeynalov, mədəniyyət nümayəndəsi Oruc Mansurov, eləcə də yüksək bal toplayaraq tələbə adını qazanan Aysel Tağıyeva (682 bal), Nəsrin Cəfərli (677 bal) və Leyla İzzətova (666 bal) Azərbaycan dövlətinin təhsilə və gənclərə göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıblar.

Təhsildə fərqlənən məzunlar və müəllimlər Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələrlə təltif olunub. Bu, gənclərin motivasiyasının artırılması və gələcək uğurlarına stimul verilməsi baxımından önəmli addım kimi qiymətləndirilib.

Görüşün bədii hissəsində yeniyetmə və gənclərin təqdim etdiyi musiqi və ədəbi kompozisiyalar tədbirə xüsusi rəng qatıb, iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.

Sonda xatirə şəkilləri çəkdirilib, gənclərin sevinc dolu baxışları isə Azərbaycanın gələcəyinə olan inamın bariz ifadəsi olub.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Ağstafa şəhəri

 

Chosen
20
1
xalqqazeti.az

2Sources