EN

Qanazlığından əziyyət çəkən şəxslərdə saç tökülməsi ola bilər – DERMATOLOQ - FOTO

Səhər oyandığınızda yastığınıza saç tellərinin yığılmış olduğunu görmək, bəziləri üçün artıq adi bir hala çevrilib.
Avtosfer.az xəbər verir ki, marketdən aldığınız vitaminli şampunlar və ya evdə sınadığınız müxtəlif maskalar, bəzən gözlədiyimiz nəticəni vermir. Bu hal həm kişilər, həm də qadınlar arasında yayılmış bir narahatlıqdır və tez-tez gündəlik həyat keyfiyyətini də təsir edə bilir. Bəziləri üçün yalnız estetik narahatlıqdır, bəziləri isə daha dərin sağlamlıq problemlərinin göstəricisi ola bilər.
Bəs saç tökülməsi əsasən nə vaxt ciddi problem sayılır?


Məsələ ilə bağlı dermatoloq Tünzalə Feyziyeva Avtosfer.az-a açıqlamasında bildirib ki, saç tökülməsinin ən çox rast gəlinən səbəblərindən biri orqanizmdə mikroelementlərin və bəzi vitaminlərin çatışmazlığı ola bilər:
“Məsələn, dəmir, ferritin, “B12” vitamini, fol turşusu, sink, “D” vitamini və bəzi zamanlarda zop problemləri saç tökülməsinə səbəb ola bilər. Dəmir və ferritin çatışmazlığı dedikdə, əsasən qanazlığı (anemiya) və “B12” çatışmazlığı yaşayan şəxslər nəzərdə tutulur. Qanazlığından əziyyət çəkən pasiyentlərdə saçların qırılması və tökülməsi daha çox müşahidə olunur.
Gündəlik saç tökülməsi normal olaraq 100–150 tük arasında sayılır. Bunun üzərində olan və ya şiddətli tökülmələr artıq xəstəliyin bir siqnalı hesab olunur”. 

Dermatoloq qeyd edib ki, irsiyyətin də saç tökülməsində rolu var:
“Genetik olaraq saç tökülməyə və ya alopesiyaya meyillik varsa, bu problem daha çox özünü göstərir. Xüsusilə androgen tipli alopesiyalar genetik xarakter daşıyır və hormon disbalansı nəticəsində də baş verə bilər. Məsələn, “TSH”, “T4” və testosteron hormonlarının disbalansı zamanı saç tökülmələri müşahidə oluna bilər. Fəsli dəyişikliklər də saç tökülməsinə təsir edir. Yazdan yaya və ya qışdan yaz-payıza keçid dövrlərində saç tökülmələri artır. Həmçinin, istifadə olunan şampunların dəyişdirilməsi zamanı orqanizm reaksiyaya verə bilər. Stress də ciddi saç tökülmələrinə səbəb ola bilər və hər hansı bir stresdən sonra saç tökülmələrinə rast gəlinə bilər”. 
Tünzalə Feyziyeva deyib ki, müalicə və diaqnostika zamanı mütləq daxildən müayinə aparılmalıdır: 
“Mikroelementlər və vitaminlər yoxlanmalı, endokrinoloji müayinə edilməli, həmçinin dermatoloji konsultasiyalarla kompleks qiymətləndirmə aparılmalıdır. Əgər daxili problemlər aşkarlanmasa, irsiyyət və sinir sistemi problemləri nəzərə alınaraq müalicə istiqamətləri müəyyən edilməlidir”.

Fidan

Chosen
8
1
avtosfer.az

2Sources